“Arsenal”da gözlənilməz zədə: Merino komanda yoldaşını necə zədələdiyini açıqladı

15 Oktyabr 2026 22:24
101
“Arsenal”da gözlənilməz zədə: Merino komanda yoldaşını necə zədələdiyini açıqladı

“Arsenal”ın yarımmüdafiəçisi Mikel Merino komanda yoldaşı Martin Subimendinin zədələnməsi ilə bağlı maraqlı açıqlama verib. İspaniyalı futbolçu hadisənin onun iştirakı ilə baş verdiyini etiraf edib.

İdman.Biz “Cadena SER” radiosuna istinadən xəbər verir ki, Subimendi ötən həftəsonu “Lids”lə keçirilən Premyer Liqa matçından sonra təşkil olunan məşq zamanı topuğundan zədə alıb.

Merino hadisənin təsadüfən baş verdiyini və komanda yoldaşının vəziyyətinin ciddi narahatlıq doğurmadığını söyləyib.

“O, yaxşıdır. Əslində, mənim də iştirak etdiyim epizodda topuğu bir qədər zədələndi. Subimendiyə xəsarət yetirmək istəməyən bir insan varsa, o da mənəm. Bu, məşq zamanı baş verən təsadüfi hadisə idi. Amma indi hər şey qaydasındadır. O, öküz qədər güclüdür və tezliklə qayıdacaq”, - deyə Merino vurğulayıb.

Zədə səbəbindən Subimendi “Arsenal”ın Çempionlar Liqasında “Lill” üzərində 3:0 hesablı qələbə qazandığı qarşılaşmanı buraxıb.

Qeyd edək ki, “Lids”lə oyundan sonra keçirilən həmin məşqdə London klubunun digər futbolçusu Pyero İnkapye də topuğundan zədələnib. Onun xəsarətinin daha ciddi olduğu bildirilir.

İdman.Biz