“Bavariya” Almaniya Bundesliqasında “Leypsiq”lə keçirəcəyi vacib qarşılaşmaya əsas qapıçısı Manuel Noyersiz çıxa bilər.
İdman.Biz “Bild” nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı qolkiper ayağındakı problemlər səbəbindən cümə axşamı komandanın meydançada keçirilən məşqində iştirak etməyib. O, hazırlığını klubun Zebener Ştrasse küçəsində yerləşən bazasının qapalı zalında davam etdirib.
Noyerin ayağındakı ağrılar bir müddətdir davam edir. Təcrübəli qapıçı məhz bu səbəbdən Çempionlar Liqasında Norveçin “Vikinq” klubu ilə keçirilən və 3:3 hesabı ilə başa çatan qarşılaşma üçün komanda ilə səfərə yollanmayıb.
Baş məşqçi Vensan Kompani daha əvvəl kapitanın həmin oyunda iştirak etməməsinin sırf tibbi səbəblərlə bağlı olduğunu açıqlayıb.
Belçikalı mütəxəssis Noyerin sağlamlığı ilə bağlı risk etmək niyyətində deyil. Onun “Leypsiq”lə qarşılaşmada iştirak edib-etməyəcəyinə cümə günü keçiriləcək son məşqdən sonra qərar veriləcək.
Təcrübəli qapıçı meydana çıxa bilməsə, qapının 23 yaşlı Yonas Urbiqə həvalə olunacağı gözlənilir. Gənc qolkiper daha əvvəl “Vikinq”lə görüşdə, həmçinin “Elversberq” və “Osnabrük” üzərində qazanılan qələbələrdə Noyeri əvəzləyib.
Qeyd edək ki, “Bavariya” son oyunlarda “Auqsburq”la qarşılaşmada xal itirib, Çempionlar Liqasında isə “Vikinq”lə heç-heçə edib.
