Beynəlxalq Futbol Federasiyası (FIFA) ABŞ millisinin hücumçusu Folarin Baloqanın diskvalifikasiyası ətrafında yaranmış qalmaqaldan sonra intizam prosedurlarına yenidən baxılması barədə qərar qəbul edib.
İdman.Biz FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qərar qurumun oktyabrın 15-də Sürixdə keçirilən Şura iclasında verilib. İntizam prosedurlarının nəzərdən keçirilməsi FIFA-nın Hüquq Komitəsinə həvalə olunub. Araşdırmanın nəticələri dekabrda keçiriləcək növbəti iclasda təqdim ediləcək.
Məsələ 2026-cı il dünya çempionatında Baloqanın aldığı qırmızı vərəqədən sonra gündəmə gəlib. ABŞ millisinin futbolçusu 1/16 finalda Bosniya və Herseqovina ilə görüşdə (2:0) Tarik Muharemoviçə qarşı kobud qayda pozuntusuna görə meydandan qovulub.
Lakin iyulun 5-də FIFA-nın İntizam Komitəsi hücumçuya verilmiş bir oyunluq diskvalifikasiyanın icrasını birillik sınaq müddətinə dayandırıb. Nəticədə Baloqan 1/8 finalda Belçikaya qarşı keçirilən və ABŞ millisinin 1:4 hesabı ilə məğlub olduğu matçda iştirak edə bilib.
Qərar futbol ictimaiyyətində ciddi narazılıq doğurub. Reuters-in məlumatına görə, Belçika Futbol Federasiyası tətbiq edilən intizam mexanizminin şəffaflığını və əsaslandırılmasını sual altına alıb. Xüsusilə FIFA-nın İntizam Məcəlləsinin 27-ci maddəsinin tətbiqi mübahisəyə səbəb olub.
Qalmaqalın siyasi tərəfi də ortaya çıxıb. ABŞ Prezidenti Donald Tramp şəxsən FIFA prezidenti Canni İnfantinoya zəng edərək Baloqanın cəzasına yenidən baxılmasını xahiş etdiyini təsdiqləyib. Bununla belə, Tramp quruma təzyiq göstərmədiyini söyləyib.
FIFA isə intizam orqanlarının müstəqil fəaliyyət göstərdiyini vurğulayıb.
Reuters-in məlumatına əsasən, İntizam Məcəlləsinin 27-ci maddəsinə dəyişiklik edilməsi məsələsi dekabrın 16-da Dohada keçiriləcək FIFA Şurasının növbəti iclasında müzakirəyə çıxarılacaq.
