Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının pley-off mərhələsində Polşanın "Rakuv" və Xorvatiyanın "Hayduk" klubları arasında keçiriləcək cavab oyununa təyinat alıb.
İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
VAR hakimi ingiltərəli Piter Benks, onun assistenti isə Azərbaycanın digər təmsilçisi İnqilab Məmmədov olacaq.
Cavab qarşılaşması avqustun 27-də Polşada keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Komandalar arasında ilk görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Azərbaycan millisinin "Rakuv"da çıxış edən hücumçusu Mahir Emreli həmin qarşılaşmada Polşa klubunun ilk qolunu vurub.
Cütün qalibi cavab görüşündə müəyyənləşəcək.
