Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında Azərbaycan yığmasının medal sayı hələlik 7-dir. Sərbəst güləşçilərin avqustun 22-də keçirdiyi görüşlərdən sonra daha iki təmsilçimiz medal şansını qoruyub.
İdman.Biz xəbər verir ki, 70 kq çəki dərəcəsində Hacı Kərimov uğurlu çıxış edərək finala yüksəlib. O, təsnifat mərhələsində hindistanlı Sumit Kumar Laxman Baraskarı 5:1, 1/8 finalda Şimali Makedoniya təmsilçisi Muhamed Veselini 11:2, 1/4 finalda ermənistanlı Davit Davtyanı 12:0 hesabı ilə məğlub edib.
Kərimov yarımfinalda misirli Mohamed Ahmedə 9:2 hesabı ilə qalib gələrək qızıl medal görüşünə vəsiqə qazanıb. Azərbaycan güləşçisi avqustun 23-də finalda iranlı Sina Mehdi Xəlili ilə qarşılaşacaq.
125 kq-da Yusif Dursunov da günə uğurlu başlayıb. O, əvvəlcə yaponiyalı Hosei Fujitanı 11:1, daha sonra hindistanlı Ronak Ronakı 3:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Dursunov bu mərhələdə ABŞ təmsilçisi Dreshaun Rossa 1:4 hesabı ilə uduzub. O, sabah bürünc medal uğrunda güləşəcək.
79 kq-da Elcan İsmayılzadə ikinci təsəlliverici görüşdə türkiyəli Yasin Uzunu 8:2 hesabı ilə üstələyərək bürünc medal görüşünə çıxıb. Azərbaycan təmsilçisi medal qarşılaşmasında amerikalı Rayan Bartona 4:10 hesabı ilə məğlub olub və turniri medalsız başa vurub.
97 kq-da Fərhad Süleymanlı 1/8 finalda macarıstanlı Robert Erdelyini 11:0 hesabı ilə məğlub etsə də, 1/4 finalda belaruslu Azamat Tsarikayevə 8:19 hesabı ilə uduzub.
65 kq-da Bəşir Verdiyev ilk təsəlliverici görüşdə qazaxıstanlı Yeralı Əsgərbəyə 5:4 hesabı ilə qalib gəlib, növbəti qarşılaşmada isə türkiyəli Hacı Zadəyə 1:12 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
74 kq-da İsmayıl Rəhimli təsnifat mərhələsində özbəkistanlı Fərruxbəy Jumanazarova 2:4 hesabı ilə uduzub.
Azərbaycan yığması Bratislavadakı dünya çempionatında hazırda bir qızıl, üç gümüş və üç bürünc olmaqla yeddi medal qazanıb. Qızıl medalı Ayxan Cavadov, gümüş medalları Cavidan Nehmətov, Günay Qurbanova və Ruzanna Məmmədova, bürünc medalları isə Emin Cavadlı, Tural Əhmədov və Elmin Əliyev qazanıblar.
19:55
125 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi finala yüksələ bilməyib.
İdman.Biz xəbər verir ki, Yusif Dursunov yarımfinalda ABŞ təmsilçisi Dreshaun Rossla qarşılaşıb.
Görüş amerikalı güləşçinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Yusif Dursunov avqustun 23-də bürünc medal uğrunda mübarizə aparacaq.
19:25
Azərbaycan təmsilçisi Hacı Kərimov U-20 dünya çempionatında 70 kq çəki dərəcəsi üzrə finala vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, Kərimov yarımfinalda Misir təmsilçisi Mohamed Ahmedlə qarşılaşıb.
Görüş Azərbaycan güləşçisinin 9:2 hesablı qələbəsi ilə başa çatıb.
Hacı sabah finalda iranlı Sina Mehdi Xəliliylə qarşılaşacaq.
17:49
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında bu gün Azərbaycanın sərbəst güləşçiləri medal uğrunda mübarizə aparacaqlar.
İdman.Biz xəbər verir ki, saat 19:00-da 70 kq çəki dərəcəsində Hacı Kərimov yarımfinalda misirli Mohamed Ahmedlə, 125 kq-da Yusif Dursunov isə ABŞ-li Dreshaun Rossla qarşılaşacaq.
Saat 20:00-da isə 79 kq-da Elcan İsmayılzadə bürünc medal uğrunda görüşdə ABŞ təmsilçisi Rayan Burtonla üz-üzə gələcək.
Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.
16:48
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Yusif Dursunov yarımfinala yüksəlib.
İdman.Biz xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan Yusif Dursunov 1/4 finalda hindistanlı Ronak Ronakı 3:2 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
97 kq-da çıxış edən Fərhad Süleymanlı isə 1/4 finalda belaruslu Azamat Tsarikayevə 8:19 hesabı ilə uduzaraq mübarizəni davam etdirə bilməyib.
Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.
15:23
Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 dünya çempionatında Azərbaycanın sərbəst güləşçiləri növbəti mərhələyə yüksəliblər.
İdman.Biz xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan Yusif Dursunov yaponiyalı Hosey Fucitanı tam üstünlüklə (11:1) məğlub edərək 1/4 finala yüksəlib.
70 kq-da çıxış edən Hacı Kərimov isə ermənistanlı Davit Davtyanı tam üstünlüklə (12:0) üstələyərək yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.
14:54
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Fərhad Süleymanlı növbəti mərhələyə yüksəlib.
97 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz 1/8 finalda macarıstanlı Robert Erdelyiyə tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.
14:40
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Elcan İsmayılzadə bürünc medal uğrunda mübarizə aparacaq, Hacı Kərimov isə 1/4 finala yüksəlib.
79 kq çəki dərəcəsində çıxış edən Elcan İsmayılzadə ikinci təsəlliverici görüşündə türkiyəli Yasin Uzunu 8:2 hesabı ilə məğlub edib. Güləşçimiz axşam seansında bürünc medal uğrunda görüşə çıxacaq.
70 kq-da mübarizə aparan Hacı Kərimov isə Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
65 kq-da çıxış edən Bəşir Verdiyev isə ikinci təsəlliverici görüşündə türkiyəli Hacı Zadəyə 1:12 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
74 kq-da çıxış edən İsmayıl Rəhimli isə təsnifat mərhələsində özbəkistanlı Fərruxbəy Jumanazarova 2:4 hesabıyla məğlub olub.
Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.
13:10
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, Azərbaycanın sərbəst güləş üzrə təmsilçiləri Bəşir Verdiyev və Hacı Kərimov növbəti mərhələyə yüksəliblər.
65 kq çəki dərəcəsində mübarizə aparan Bəşir Verdiyev ilk təsəlliverici görüşündə qazaxıstanlı Yeralı Əsgərbəyə 5:4 hesabı ilə qalib gəlib.
70 kq-da çıxış edən Hacı Kərimov isə təsnifat mərhələsində hindistanlı Sumit Kumar Laxman Bharaskarı 5:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.
10:53
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
İdman.Biz xəbər verir ki, Azərbaycanın sərbəst güləş üzrə altı təmsilçisi bu gün müxtəlif çəki dərəcələrində xalça üzərinə çıxacaq.
65 kq çəki dərəcəsində Bəşir Verdiyev təsəlliverici görüşdə Yeraly Askerbek (Qazaxıstan) ilə, 79 kq-da Elcan İsmayılzadə isə Yasin Uzunla (Türkiyə) qarşılaşacaq.
Təsnifat mərhələsində 70 kq-da Hacı Kərimov Sumit Kumar Laxman Baraskar (Hindistan), 74 kq-da isə İsmayıl Rəhimli Farruxbek Jumanazarov (Özbəkistan) ilə üz-üzə gələcək.
1/8 finalda 97 kq çəki dərəcəsində Fərhad Süleymanlı Robert Balint Erdelyi (Macarıstan), 125 kq-da Yusif Dursunov isə Hosei Fujita (Yaponiya) ilə qarşılaşacaq.
Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.
Xatırladaq ki, Azərbaycan güləşçiləri Bratislavada keçirilən U-20 dünya çempionatında indiyədək yeddi medal qazanıblar. Bunlardan biri qızıl, üçü gümüş, üçü isə bürüncdür.
Yunan-Roma güləşində Ayxan Cavadov (60 kq) dünya çempionu olub, Cavidan Nehmətov (77 kq) gümüş medal qazanıb. Emin Cavadlı (55 kq), Tural Əhmədov (63 kq) və Elmin Əliyev (82 kq) isə bürünc mükafata sahib çıxıblar.
Qadın güləşində isə Günay Qurbanova (57 kq) və Ruzanna Məmmədova (59 kq) gümüş medal əldə ediblər.
