“Orhus” Bakıda daha da qapalı futbol oynayacaq” - Vaqif Sadıqovun İDMAN.BİZ-ə AÇIQLAMASI

6 Avqust 2026 11:57
144
“Orhus” Bakıda daha da qapalı futbol oynayacaq” - Vaqif Sadıqovun İDMAN.BİZ-ə AÇIQLAMASI

“Sabah” oyunun 30-cu dəqiqəsində buraxdığı qoldan sonra emosional təzyiq altında qaldı. İkinci qoldan sonra isə Valdas Dambrauskas oyuna müdaxilə edərək Kahem Parrisi Mbina ilə əvəz etdi və bu dərhal öz bəhrəsini verdi”.

Bu sözləri ötən gün “Sabah” futbol komandasının “Orhus”a qarşı oyununu təhlil edən AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov İdman.Biz-ə açıqlamasında deyib.

Azərbaycan millisinin sabiq baş məşqçisi vurğulayıb ki, səfərdə iki qol buraxan “Sabah”ın ruhdan düşməyərək qol vurması Masazır təmsilçisinin üstün tərəfi kimi qiymətləndirilməlidir.

Vaqif Sadıqov Azərbaycan təmsilçisinin zəif tərəflərinə də toxunub. 67 yaşlı mütəxəssis qeyd edib ki, “Sabah”ın müdafiədə buraxdığı mövqe səhvləri rəqibin azsaylı hücumlarının qolla bitməsi ilə yekunlaşırdı.

Danimarka çempionun oyunu təhlil edən təcrübəli mütəxəssis “Orhus”un kompakt müdafiə taktikasından istifadə etdiyini söylədi: “Orhus” etibarlı müdafiə qurub sürətli əks-hücumlarda qol axtarırdı. Məncə biz Bakıda daha qapalı futbol oynayan “Orhus”un şahidi olacağıq”.

Vaqif Sadıqov cavab oyunu ilə bağlı proqnozunu da səsləndirib:

“Nisbi olsa da, “Sabah”ın üstünlüyü müşahidə edilir. İnanıram ki, klubumuz azarkeşlərin dəstəyi ilə “Orhus”a qalib gəlib pley-offa vəsiqəni təmin edəcək”.

Məlumat üçün əlavə edək ki, “Orhus” - “Sabah” qarşılaşması Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.

İdman.Biz