Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şəfa” futbol komandası heyətlə bağlı dəyişiklik edib.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi qapıçı Rəvan Kazımovla yarımmüdafiəçi Ədilxan Qarəhmədovu əvəzedici komandaya göndərib.
Hər iki futbolçu ötən mövsüm “Şəfa”nın heyətində Birinci Liqanın qalibi olub. Qarəhmədov mövsümün ikinci yarısını icarə əsasında “Şahdağ Qusar”da keçirib. Onun icarə müqaviləsi başa çatdıqdan sonra Bakı klubuna qayıdıb.
Kazımov isə qapıçı mövqeyində yaranan rəqabət səbəbindən əsas komandadakı yerini itirib. “Şəfa” yeni mövsüm öncəsi “Sabah”dan Nicat Mehbalıyevi, “Kəpəz”dən isə Məmməd Hüseynovu transfer edib.
Baş məşqçi postuna Zaur Həşimovu gətirən paytaxt təmsilçisi ümumilikdə 14 yeni futbolçunu heyətinə qatıb. Bunlar Nicat Mehbalıyev, Məmməd Hüseynov, Murad Musayev, Rauf Hüseynli, Arsen Ağcabəyov, Fərid Yusifli, Vlad Marian Pop, Andrey Fernando Draqu, Dilan Mertens, Musa Queli, Maudu Lamine Jarjue, Treyvon Fulle, Bafode Dansoko və Kristofer Mamengidir.
