“Traktor”un ilk oyunu azarkeşsiz keçirilə bilər: Qapıçıdan sərt etiraz

4 Avqust 2026 12:58
111
“Traktor”un ilk oyunu azarkeşsiz keçirilə bilər: Qapıçıdan sərt etiraz

Təbrizin “Traktor” futbol komandasının qapıçısı Əlirza Beyranvənd ölkə çempionatı oyunlarının azarkeşlərin iştirakı ilə keçirilməsini istəyib.

İdman.Biz xəbər verir ki, təcrübəli qapıçı sosial şəbəkə hesabında paylaşım edərək İran Premyer Liqasında tribunaların azarkeşlərin üzünə açılmasına çağırıb.

Təcrübəli qolkiper şəxsi səhifəsində paylaşdığı açıqlamada azarkeşlərin futbolun ayrılmaz hissəsi olduğunu bildirib:

“Deyirlər ki, azarkeşsiz futbolda nəsə çatışmır. Bu cümləni belə düzəltmək daha yaxşıdır: azarkeşsiz futbol, ümumiyyətlə futbol deyil. Tribunaların yaxşı və pis günlər görmüş insanları, əbədi sadiq azarkeşlər, sevinc və kədəri birlikdə yaşayanlar, ölkənin şimalından cənubuna, şərqindən qərbinə qədər səslənən bənzərsiz şüarlar olmadan bu idman növünü futbol adlandırmaq mümkün deyil.

Bir klub, azarkeş, ulduz futbolçu, ehtiras və rəqabət varsa, bunların hamısına görə azarkeşlərə borcluyuq. Futbolun möhtəşəm azarkeşlərini kənarda saxlamaq öz qapına qol vurmaqdan nə ilə fərqlənir?

Ən çətin yolları birlikdə keçə bildiksə, bunun səbəbi bir yerdə olmağımız idi. İndiki ayrılığın isə heç bir mənası yoxdur. Bu vəziyyət futbolun ruhundan heç nə saxlamır və futbolçuları daha çox qaçmağa həvəsləndirmir.

Azarkeşlərin futbolun həqiqi sahibləri olduğunu deyiriksə, onları stadionlara dəvət etməyin və arenalara yenidən coşqu gətirməyin vaxtıdır. Meydanda onların səsini eşitməyi, tribunalardakı həyəcanlarını görməyi gözləyirik.

Qərar verənlər bilməlidirlər ki, sosial coşqu yaratmaq üçün futboldan daha gözəl səhnə yoxdur. Azarkeşlər futbolun bir hissəsi deyil, onlar futbolun özüdür. Bir gün yenidən onların qucağına qayıdacağıq”.

Beyranvəndin paylaşımına “Traktor”un “Peykan”la qarşılaşmasının azarkeşsiz keçirilə biləcəyi barədə klub rəsmilərinə şifahi şəkildə çatdırılan xəbər səbəb olub. Bununla belə, matçın bağlı qapılar arxasında təşkili ilə bağlı rəsmi qərar açıqlanmayıb.

“Traktor” yeni mövsümün ilk turunda “Peykan”ı Təbrizdəki “Yadeqar-e İmam” stadionunda qəbul edəcək. Qarşılaşmanın avqustun 14-də keçirilməsi planlaşdırılır.

İdman.Biz