Nəriman Axundzadə “Ərzurumspor”la müqavilənin şərtlərindən narazıdır

4 Avqust 2026 12:23
161
Nəriman Axundzadə “Ərzurumspor”la müqavilənin şərtlərindən narazıdır

“ABŞ-nin "Kolambus Kryu" klubundan Türkiyənin Superliqa təmsilçisi "Ərzurumspor"a transferi gündəmdə olan Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin şəxsi müqaviləsinin şərtləri hələ razılaşdırılmayıb”.

Bunu 22 yaşlı futbolçunun meneceri Tural Əsgərov deyib.

O, milli üzvünün transferi ilə bağlı iki klub arasında danışıqların müsbət tamamlandığını, lakin futbolçunun şəxsi müqaviləsinin şərtlərinin hələ razılaşdırılmadığını bildirib.

"Tərəflər Nəriman Axundzadənin transferi ilə bağlı xəbəri paylaşmaqda bir qədər tələsiblər. Təbii ki, bu keçid müzakirə mövzusudur və klublar arasında razılıq əldə olunub. Amma Nəriman Axundzadənin şəxsi müqaviləsinin şərtləri ilə bağlı hələ yekun razılıq yoxdur", - deyə o report.az-a açıqlamasında deyib.

Qeyd edək ki, "Ərzurumspor" Nəriman Axundzadəni sonradan birdəfəlik transfer etmək şərti ilə 1 illik icarəyə götürmək istəyir. Futbolçu "Kolambus Kryu" klubuna bu ilin fevralında "Qarabağ"dan keçib. ABŞ təmsilçisi onunla 3,5 illik müqavilə bağlayıb.

İdman.Biz