FIFA prezidenti Canni İnfantino vəzifəsini qoruyub saxlamaq üçün ABŞ prezidenti Donald Trampın administrasiyasının dəstəyini almağa çalışır.
İdman.Biz xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, İnfantino ABŞ dövlət katibi Marko Rubio ilə görüşməyi planlaşdırır. O, görüş zamanı “futbolun Amerikanın yumşaq gücünün bir hissəsi ola biləcəyini” müzakirə etmək niyyətindədir.
Xatırladaq ki, FIFA daha əvvəl dünya çempionatları və digər turnirlərin kommersiya hüquqlarını idarə etmək, həmçinin təşkilatın gəlirlərini artırmaq məqsədilə FIFA Forward Enterprises adlı törəmə strukturun yaradılacağını açıqlamışdı.
Bu təşəbbüs UEFA, Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF), eləcə də Asiya Futbol Konfederasiyası (AFK) tərəfindən kəskin etirazla qarşılanmışdı.
Qeyd edək ki, Canni İnfantino 2016-cı ilin fevralından FIFA prezidenti vəzifəsini icra edir. Bundan əvvəl o, UEFA-da çalışıb.
