“Fənərbaxça” İsmaila Sarr üçün danışıqlara başladı

3 Avqust 2026 10:09
113
“Fənərbaxça” İsmaila Sarr üçün danışıqlara başladı

Türkiyənin “Fənərbaxça” klubu “Kristal Palas”ın seneqallı futbolçusu İsmaila Sarrın transferi üçün danışıqlara başlayıb.

İdman.Biz insayder Nikolo Skiraya istinadən xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı hücumçunun transferi üçün “Kristal Palas”la danışıqlara başlayıb.

İsmaila Sarr 2024-cü ilin yayında Fransanın “Marsel” klubundan “Kristal Palas”a keçib. Onun İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Sarr ötən mövsüm “Kristal Palas”ın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 21 qol vurub və 1 məhsuldar ötürmə edib.

28 yaşlı futbolçu xüsusilə Konfrans Liqasındakı çıxışı ilə diqqət çəkib. O, turnirdə 9 qol vuraraq bombardir olub və UEFA-nın Texniki Müşahidə Qrupu tərəfindən 2025/26 mövsümünün ən yaxşı futbolçusu seçilib. Sarrın məhsuldar oyunu “Kristal Palas”ın tarixində ilk Avropa kubokunu qazanmasında mühüm rol oynayıb.

Sarr yarımfinalın “Şaxtyor”la ilk oyununda cəmi 21 saniyədən sonra qol vuraraq Konfrans Liqası tarixinin ən sürətli qoluna imza atıb.

Seneqal millisinin əsas üzvlərindən olan Sarr DÇ-2026-da 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Sarr daha əvvəl “Metz”, “Renn”, “Uotford” və “Marsel” kimi klublarda çıxış edib.

İdman.Biz