“Mançester Siti” Pedro Netu üçün 70 milyonluq təklif hazırlayır

2 Avqust 2026 12:41
97
“Mançester Siti” Pedro Netu üçün 70 milyonluq təklif hazırlayır

Portuqaliya millisinin və İngiltərənin “Çelsi” futbol komandasının cinah hücumçusu Pedro Netu “Mançester Siti”nin transfer hədəfinə çevrilib.

İdman.Biz “The Sun”a istinadən xəbər verir ki, Mançester təmsilçisi 26 yaşlı futbolçunun transferi üçün təklif hazırlayır. London komandası Netunu 70 milyon funt sterlinq (təxminən 159 milyon AZN) məbləğində qiymətləndirir. “Çelsi” oyunçunu satmağa tələsməsə də, yüksək məbləğ qarşılığında danışıqlara başlaya bilər.

“Mançester Siti”nin baş məşqçisi Entso Mareska əvvəl “Çelsi”də çalışdırdığı Netunu öz oyun sisteminə uyğun futbolçu hesab edir. İtaliyalı mütəxəssisin portuqaliyalı cinah hücumçusu ilə yenidən işləmək istədiyi bildirilir. Mareska “Mançester Siti” ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

Netu ilə İtaliyanın “Milan” komandası da maraqlanır. A Seriyası təmsilçisi onu gələcəyi qeyri-müəyyən olan Rafael Leaunun mümkün əvəzləyicisi kimi nəzərdən keçirir. “Milan”ın transferi həyata keçirməsi Leaunun komandadan ayrılmasından asılıdır.

Pedro Netu ötən mövsüm bütün turnirlərdə keçirdiyi 52 oyunda on qol vurub və on məhsuldar ötürmə verib. Onun “Çelsi” ilə müqaviləsi 2031-ci ilin yayınadək qüvvədədir. Futbolçunun bazar dəyəri 60 milyon avro (təxminən 116 milyon AZN) göstərilir.

İdman.Biz