Yunanıstan millisinin və Portuqaliyanın “Benfika” komandasının hücumçusu Vangelis Pavlidis İspaniyanın “Barselona” klubunun transfer siyahısına daxil edilib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin əsas hədəfi “Atletiko”nun argentinalı hücumçusu Xulian Alvaresdir. Alvaresin transferi baş tutmasa, “Barselona” Pavlidis üçün danışıqlara başlaya bilər.
Klubun idman direktoru Deku və onun komandası 27 yaşlı futbolçunun çıxışını izləyir. Mümkün transfer Ferran Torresin gələcəyindən də asılı olacaq. “Barselona” ispaniyalı hücumçunun müqaviləsini uzatmaqla yanaşı, Alvaresin keçidi üzərində də işləyir.
Pavlidisin transferinin asan olmayacağı bildirilir. “Benfika” komandanın əsas futbolçularından birini heyətində saxlamaq niyyətindədir və onun gedişinə müsbət yanaşmır.
Yunanıstanlı hücumçunun “Benfika” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt onun bazar dəyərini 28 milyon avro (54,3 milyon manat) qiymətləndirir.
Pavlidis ötən mövsüm bütün turnirlərdə 53 matç keçirib, 30 qol vurub və altı məhsuldar ötürmə edib.
