İngiltərənin “Mançester Siti” futbol komandasının italiyalı qapıçısı Canluici Donnarummanın 2026/27 mövsümü üçün formasının dizaynı azarkeşlərin narazılığına səbəb olub.
İdman.Biz xəbər verir ki, Donnarumma yeni qapıçı formasında “İnter”lə yoxlama oyununda meydana çıxıb. Sosial şəbəkələrdə bəzi azarkeşlər formanın üzərindəki təkrarlanan dairəvi naxışların onlarda tripofobiya ilə bağlı narahatlıq yaratdığını bildiriblər.
Tərəfdarlar “Mançester Siti”nin texniki tərəfdaşı PUMA-dan dizaynın mövsüm başlamazdan əvvəl dəyişdirilməsini tələb ediblər.
“Mançester Siti” ilə “İnter” arasında Honkonqda keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İtaliya komandası penaltilər seriyasında 3:1 hesabı ilə qalib gəlib. Donnarumma oyuna start heyətində başlayıb.
