Vinisiusun “Real”dakı gələcəyi rəhbərliklə görüşdə müəyyənləşəcək

2 Avqust 2026 11:48
100
Vinisiusun “Real”dakı gələcəyi rəhbərliklə görüşdə müəyyənləşəcək

Braziliya millisinin və İspaniyanın “Real” futbol komandasının hücumçusu Vinisius Junior rəhbərliklə gələcəyi barədə həlledici görüş keçirəcək.

İdman.Biz “Diario AS”a istinadən xəbər verir ki, futbolçu bu gün məzuniyyətdən Madridə qayıdacaq və bir gün sonra baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında hazırlığa başlayacaq.

Vinisius əvvəlcə portuqaliyalı mütəxəssislə, daha sonra isə “Real” rəhbərliyi ilə görüşəcək. Danışıqlar zamanı onun komandadakı gələcəyi və 2027-ci ilin iyununda başa çatacaq müqaviləsinin uzadılması müzakirə olunacaq.

Tərəflərin əməkdaşlığı davam etdirmək istədiyi bildirilir. Buna baxmayaraq, maliyyə məsələlərində fikir ayrılığı səbəbindən yeni müqavilə imzalanmayıb. “Real” Vinisiusa təqdim etdiyi təklifi ciddi şəkildə dəyişdirməyi planlaşdırmır.

Madrid təmsilçisi futbolçudan gələcəyi ilə bağlı qəti mövqe gözləyir. Vinisius müqaviləni yeniləmək istəmədiyini açıqlasa, rəhbərlik onun transferi ilə bağlı təklifləri nəzərdən keçirəcək.

Son günlər “Arsenal”ın 26 yaşlı hücumçu ilə maraqlandığı barədə məlumatlar yayılıb. “Real” rəhbərliyinin İngiltərə klubundan rəsmi müraciət almadığı, Vinisiusun nümayəndələrinin isə hər hansı razılaşmanın mövcudluğunu təkzib etdiyi qeyd olunur.

Vinisius 2018-ci ildən “Real”ın formasını geyinir.

İdman.Biz