“Şəfa” stadionunda yenidən Premyer Liqa oyunları keçiriləcək. Bu, arenanın süni ot örtüyü təbii qazonla əvəzləndikdən sonra reallaşacaq.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, vaxtilə “Şəfa” klubunun ixtiyarında olan idman qurğusu yenidən köhnə sahibinə veriləcək. Paytaxt təmsilçisinin hüquqi varisi kimi futbol təsərrüfatımıza qayıdan eyniadlı klub stadion rəhbərliyi ilə anlaşmaq üzrədir. Tərəflər arasında bir neçə görüş baş tutub və elitanın debütantı ot örtüyünün yenilənməsini boynuna götürüb. Yekun danışıqlardan sonra stadion “Şəfa”nın ixtiyarına veriləcək.
Birinci liqanın qalibi kimi Premyer Liqaya yüksələn “Şəfa” bu mövsüm oyunlarını Sumqayıtda keçirəcək. Amma klubun ehtiyat meydançası yoxdur və PFL-ə də ikinci stadionu sifariş etməyib. “Şəfa” komandanın ixtiyarına verildikdən sonra bu problem aradan qalxacaq. Daha sonra təmir və yenidənqurma işləri başlayacaq və arena hazır olan kimi eynadlı komanda paytaxta qayıdacaq.
Xatırladaq ki, 8125 nəfər tamaşaçı tutumu olan “Şəfa” 2000-ci ildə AFFA tərəfindən əsaslı təmir olunub. Daha öncə “Termist” adlanan arenanın yenidən qurulması assosiasiyaya 4,5 milyon manata başa gəlmişdi. Bir müddət “Olimpik”in də evinə çevrilən arena 2014-cü ildə “İnter”ə 4 milyon 250 min manata satılmış, “İnter Arena”ya çevrilmişdi. 2018-ci ilin 20 iyulundan isə idman qurğusu Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansına keçib. “İnter”in borclarına görə sahibi dəyişdirilən stadion həmin vaxtdan əsl böyük futbola həsrət qalmışdı.
Onu da əlavə edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27.12.2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyəti ləğv edilib və onun mülkiyyətində olan müəssisələr Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib. Bu səbəbdən əvvəllər Azərbaycan Sənaye Korporasiyasının (ASK) adını daşıyan arena da AİH-nın balansına keçib və adı dəyişdirilib. Bu ilin əvvəlindən idman qurğusu “Baku Arena”ya çevrilmişdi.
