PSJ rəhbərliyi “Barselona”nın hücumçusu Ferran Torres üçün ediləcək istənilən təklifi üstələməyə hazırdır.
İdman.Biz xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
Məlumata görə, Paris təmsilçisi ispaniyalı futbolçunu öz layihəsinə qoşulmağa razı sala biləcəyinə əmindir.
Bildirilir ki, Ferran Torreslə ilk təmaslar dünya çempionatı zamanı baş tutub və PSJ-də futbolçunun ən azı təklifi dinləməyə hazır olduğu qənaəti formalaşıb. Baş məşqçi Luis Enrikenin rəhbərliyi altında həyata keçirilən idman layihəsi, eləcə də klubun maliyyə imkanları hücumçunun diqqətini cəlb edir.
PSJ 25 yaşlı futbolçuya maaşının əhəmiyyətli dərəcədə artırılacağı beşillik müqavilə təklif edib.
Xəbərdə qeyd olunur ki, “Barselona” rəhbərliyinin müqavilənin uzadılması ilə bağlı danışıqları ləngitməsi Ferran Torresdə narazılıq yaradıb və bu da Paris klubunun işini asanlaşdırır.
Bununla yanaşı, ispaniyalı futbolçu anlayır ki, əgər Xulian Alvares “Barselona”ya transfer olunmasa, Kataloniya klubunda daha çox oyun vaxtı qazana bilər. PSJ-də isə əsas heyətdə yer almaq daha çətin olacaq.
