UEFA İnfantinonun istefasını tələb edir

1 Avqust 2026 18:13
92
UEFA İnfantinonun istefasını tələb edir

Avropa futbol qurumu FİFA prezidentinin postunu könüllü tərk etməyəcəyi halda ona etimadsızlıq səsverməsi keçiriləcəyini açıqlayıb.

UEFA Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinonun istefasını tələb edib.

İdman.Biz xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Mənbənin yazdığına görə, İnfantino könüllü şəkildə vəzifəsindən ayrılmasa, UEFA-ya üzv olan 55 ölkənin hamısı ona qarşı etimadsızlıq votumunun keçirilməsini dəstəkləyəcək. Belə səsvermənin təşəbbüsü üçün UEFA-ya üzv cəmi 43 ölkənin dəstəyi kifayət edir.

Avropa futbolunun rəhbər qurumu şənbə günü səhər İnfantinoya etimadını itirdiyini bəyan edib və FİFA prezidentinin dünya çempionatının 20 milyard avro dəyərində qiymətləndirilən kommersiya layihəsində pay satışı planından imtina etməsindən sonra rəhbərlikdə dəyişiklik tələb edib.

Xatırladaq ki, daha əvvəl UEFA və ona üzv olan 55 milli assosiasiyanın hamısı FİFA-nın bütün turnirlərinin, o cümlədən kişilər və qadınlar arasında dünya çempionatlarının tam boykot edilməsinə yekdilliklə səs vermişdi.

Bu qərar Canni İnfantinonun dünya çempionatlarının kommersiya hüquqlarının idarə olunmasına özəl investorları cəlb etmək planına cavab olaraq UEFA-nın fövqəladə iclasında qəbul edilmişdi.

Nəticədə FİFA prezidenti dünya çempionatının kommersiya hüquqlarında payın özəl investorlara satılması layihəsindən imtina etmək məcburiyyətində qalıb.

İdman.Biz
Məqalədə: