“Sabah”ın Danimarkanın “Orhus” klubu ilə keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununun baş hakimi, məlum olduğu kimi, portuqaliyalı Joau Pineyrudur.
İdman.Biz xəbər verir ki, 38 yaşlı referi artıq dəfələrlə Azərbaycan futbolu ilə yollarını kəsişdirib.
Ən yaddaqalan hadisə 2025-ci il avqustun 19-da baş verib. Pineyru Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın Macarıstanın “Ferensvaroş” klubu ilə səfər matçının baş hakimi olub.
Ağdam təmsilçisi ilk hissədən sonra hesabda geri düşməsinə baxmayaraq, oyunun gedişini dəyişərək 3:1 hesablı parlaq qələbə qazanıb. Bakıda keçirilən cavab görüşündə "Qarabağ" 2:3 hesabı ilə məğlub olsa da, Macarıstanda əldə etdiyi üstünlük sayəsində Qurban Qurbanovun komandası iki oyunun nəticəsinə əsasən 5:4 hesabı ilə rəqibini mübarizədən kənarlaşdıraraq tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə – liqa mərhələsinə vəsiqə qazanıb.
Bundan əvvəl Pineyru Azərbaycan klubunun iştirakı ilə keçirilən başqa bir matçın da baş hakimi olub. 2021-ci il iyulun 21-də portuqaliyalı referi Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin Yunanıstanın “Olimpiakos” klubu ilə səfər oyununu idarə edib. Bakı təmsilçisi həmin görüşdə Pireydə 0:1 hesabı ilə uduzub.
Beləliklə, Pineyrunun baş hakim olduğu Azərbaycan klublarının iki oyununda təmsilçilərimiz bir qələbə qazanıb, bir məğlubiyyət alıblar.
Lakin portuqaliyalı hakimin Azərbaycan klub futbolu ilə ilk tanışlığı bundan da əvvəl baş tutub.
2017-ci il sentyabrın 27-də Pineyru Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın İtaliyanın “Roma” klubu ilə Bakıda keçirdiyi tarixi oyunun hakimlər briqadasında yer alıb. Həmin görüş Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Azərbaycanda keçirilən ilk oyun kimi tarixə düşüb. Bundan başqa, 28-ci dəqiqədə fərqlənən Pedro Enrike Azərbaycan klubunun bu turnirin əsas mərhələsində vurduğu ilk qolun müəllifi olub.
Həmin dövrdə UEFA hələ qapı arxasında əlavə hakimlərdən istifadə edirdi və Pineyru məhz bu funksiyanı yerinə yetirirdi. Oyunun baş hakimi isə onun həmyerlisi Artur Soareş Diaş idi. "Qarabağ" Bakıda "Roma"ya 1:2 hesabı ilə məğlub olub.
Daha bir maraqlı hadisə 2020-ci ilin noyabrında Avropa Liqasının qrup mərhələsində keçirilən “Sivasspor” – “Qarabağ” oyunu ilə bağlıdır. UEFA əvvəlcə bu matça baş hakim kimi Pineyrunu təyin etsə də, qarşılaşmadan bir gün əvvəl bütün hakimlər briqadası dəyişdirilib.
Buna səbəb portuqaliyalı hakimin COVID-19-a yoluxması olub. Portuqaliya Futbol Federasiyası Pineyrunun testinin müsbət nəticə verdiyini açıqlayıb. Onunla birlikdə köməkçiləri Tyaqu Koşta və Pedru Ribeiru da təyinatlarını itiriblər. Oyunun baş hakimi isveçrəli Sandro Şerer təyin olunub. Görüşdə “Sivasspor” “Qarabağ”a 2:0 hesabı ilə qalib gəlib.
Pineyrunu ölkəmizlə bağlayan başqa məqamlar da var. O, AVRO-2020 çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Türkiyə – Uels (0:2) matçında VAR hakimi kimi fəaliyyət göstərib.
Bundan əlavə, Pineyrunun baş hakim olduğu UEFA Superkuboku-2025 oyununda dördüncü hakim funksiyasını Azərbaycan təmsilçisi Elçin Məsiyev yerinə yetirib.
İndi isə, qeyd olunduğu kimi, portuqaliyalı referini Azərbaycan futbolu ilə növbəti görüş gözləyir. O, avqustun 11-də Masazırda keçiriləcək “Sabah” – “Orhus” cavab qarşılaşmasının baş hakimi təyin olunub. Pineyruya həmyerliləri Lusianu Maya və Uqu Markeş kömək edəcəklər. Dördüncü hakim Fabio Verissimu olacaq. VAR sisteminə isə Tyaqu Martinş və Andre Narşişu cavabdeh olacaqlar. Komandalar arasında ilk oyun avqustun 5-də Danimarkada keçiriləcək.
