Efiopiya komandası İsveçdə yoxa çıxdı

30 İyul 2026 14:35
107
Efiopiya komandası İsveçdə yoxa çıxdı

Efiopiyadan olan gənclər futbol komandasının üzvləri və onları müşayiət edən bir neçə şəxs İsveçin Göteborq şəhərində keçirilən “Gothia Cup” turnirindən sonra yoxa çıxıb.

İdman.Biz “The Local”a istinadən xəbər verir ki, komandaya bağlı 20-yə yaxın efiopiyalının yoxa çıxması barədə İsveç polisinə məlumat verilib. Qrupun qaldığı məktəbin əməkdaşları turnirin finalı günü futbolçuların və onları müşayiət edən bir neçə yetkin şəxsin oranı tərk etdiyini müəyyənləşdiriblər.

Turnirin mətbuat katibi Fredrik Bekman təşkilatçıların komanda ilə yaxşı münasibətlərinin olduğunu və baş verənlərin onlar üçün gözlənilməz olduğunu bildirib. “Gothia Cup” rəhbərliyi ehtiyat tədbiri olaraq polisə müraciət edib. Turnir başa çatdıqdan 10 gün sonra da qrupun yeri müəyyənləşdirilməyib.

Polis efiopiyalıların ölkələrinə qayıtmadığını təsdiqləyib. İlkin ehtimala əsasən, onlar könüllü şəkildə yoxa çıxıblar. Bunun İsveçdə və ya başqa ölkədə qalmaq məqsədi daşıdığı isə hələ təsdiqlənməyib.

“Onların İsveçdə qalmağa çalışıb-çalışmadığını bilmirik. Bunu demək sadəcə fərziyyə olardı”, - İsveç polisinin itkin düşən şəxslərlə məşğul olan bölməsinin əməkdaşı Ellinor Halldin bildirib.

Polis Miqrasiya Agentliyi, sərhəd polisi və digər ölkələrin aidiyyəti qurumları ilə birlikdə axtarış aparır. Hüquq-mühafizə orqanları hadisənin arxasında insan qaçaqmalçılığı və ya başqa cinayət əməlinin olduğuna dair heç bir əlamətin müəyyən edilmədiyini açıqlayıb.

2026-cı il “Gothia Cup” turnirində 77 ölkədən komandalar iştirak edib. Efiopiya yarışda dörd komanda ilə təmsil olunub.

Xatırladaq ki, İtaliyanın “Leççe” futbol komandasının cinah hücumçusu Lamek Banda da təxminən iki həftədir yoxa çıxıb və ondan xəbər yoxdur.

İdman.Biz