İspaniyanın “Rayo Valyekano” futbol komandası ev oyunlarını keçirdiyi “Valyekas” stadionundan müvəqqəti istifadə edə bilməyəcək.
İdman.Biz xəbər verir ki, Madrid rəhbərliyi aparılan yoxlamadan sonra arenanın istifadəsi ilə bağlı kluba verilmiş icazəni müvəqqəti dayandırıb. Stadionda təhlükəsizlik və sanitariya normaları ilə bağlı ciddi problemlər aşkarlanıb.
Yoxlama zamanı yanğın təhlükəsizliyi, qəza işıqlandırması, elektrik sistemləri və müvafiq sənədləşmə ilə bağlı nöqsanlar müəyyən edilib. Arenada tullantıların yığılması və digər sanitariya problemlərinin də olduğu bildirilir.
“Rayo Valyekano” çatışmazlıqlar aradan qaldırılanadək ev oyunlarını başqa stadionda keçirməli olacaq. Təcili təmir işlərinin iki aydan altı aya qədər davam edə biləcəyi qeyd olunur. Komandanın bu müddətdə hansı arenadan istifadə edəcəyi hələ müəyyənləşməyib.
“Valyekas” stadionu 1976-cı ildə istifadəyə verilib və Madrid Muxtar İcmasına məxsusdur.
