“Mançester Yunayted” üçüncü yarımmüdafiəçi üçün iki namizəd seçdi

29 İyul 2026 18:26
95
“Mançester Yunayted” üçüncü yarımmüdafiəçi üçün iki namizəd seçdi

“Mançester Yunayted” futbol komandası yarımmüdafiəçi mövqeyi üçün “Brayton”dan Karlos Baleba və “Roma”dan Manu Koneni əsas namizədlər kimi müəyyənləşdirib.

İdman.Biz “The i Paper”ə istinadən xəbər verir ki, Mançester təmsilçisi üçüncü yarımmüdafiəçi transferi ilə bağlı seçim dairəsini bu iki futbolçuya qədər azaldıb. Klub rəhbərliyi Baleba və Konenin digər namizədlərlə müqayisədə daha münasib qiymətə transfer edilə biləcəyini düşünür.

“Mançester Yunayted” yay transfer dövründə Yuri Tilemansı “Aston Villa”dan, Andrey Santosu isə “Çelsi”dən heyətinə qatıb.

İngiltərə komandası daha əvvəl “Atalanta”nın yarımmüdafiəçisi Edersonu transfer etməyi planlaşdırsa da, braziliyalı futbolçunun tibbi müayinəsi zamanı yaranan problemlərə görə keçid baş tutmayıb.

Mançester təmsilçisinin maraq dairəsində Aleks Skott, Eduardo Kamavinqa və Orelyen Tçuameni də olub.

İnsayder Fabrizio Romanonun sözlərinə görə, “Mançester Yunayted” Konenin nümayəndələri ilə konkret danışıqlar aparıb. Lakin klub hələ “Roma” ilə əlaqə saxlamayıb.

İdman.Biz