Azərbaycan FIFA-dan 40 milyon dollara qədər vəsait ala bilər

29 İyul 2026 17:48
118
Azərbaycan FIFA-dan 40 milyon dollara qədər vəsait ala bilər

Azərbaycan Beynəlxalq Futbol Federasiyasından (FIFA) təşkilatın yeni maliyyə planı çərçivəsində futbolun inkişafı üçün 40 milyon dollara qədər vəsait ala bilər.

İdman.Biz xəbər verir ki, bu maliyyələşdirmədən FIFA-nın 211 milli assosiasiyasından biri olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da yararlana bilər.

FIFA prezidenti Canni İnfantinonun təklifinə əsasən, hər bir milli federasiya 2027-ci il yanvarın 1-dən başlayacaq yeni dördillik dövr ərzində 40 milyon dollara qədər maliyyə ala biləcək.

Bu məbləğin 20 milyon dolları “FIFA Fast Forward” proqramı çərçivəsində xüsusi layihələrin əlavə maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Daha 20 milyon dollar isə 2027–2030-cu illəri əhatə edən "FIFA Forward" proqramı çərçivəsində ayrılacaq. Hazırda həmin dövr üçün hər federasiyaya 8 milyon dollar ayrılması planlaşdırılır.

Sonrakı mərhələdə FIFA maliyyələşdirməni 2031–2034-cü illər dövrü üçün 22 milyon dollara, 2035–2038-ci illər dövrü üçün isə 24 milyon dollara çatdırmağı planlaşdırır.

Layihənin həyata keçirilməsi üçün FIFA “FIFA Forward Enterprise” (FFE) adlı yeni kommersiya strukturu yaratmaq niyyətindədir. Bu qurum təşkilatın televiziya yayımı hüquqları, sponsorluq müqavilələri, bilet satışı, lisenziyalaşdırma, eləcə də turnirlərin kommersiya fəaliyyətini birləşdirəcək.

Şirkətin ilkin dəyəri təxminən 20 milyard dollar qiymətləndirilir. FIFA xarici investorlara azlıq payını satmaqla 4,2 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır. Bununla yanaşı, təşkilat şirkət üzərində nəzarəti, həmçinin futbolun idarə olunması, yarış təqvimi və turnirlərin keçirilməsi ilə bağlı müstəsna səlahiyyətlərini özündə saxlayacağını bildirir.

"The Times" nəşrinin məlumatına görə, İnfantino artıq milli federasiyalara məktub göndərərək onları sentyabrın 19-dək layihəyə dəstək verib-verməyəcəklərinə qərar verməyə çağırıb. Plan təsdiqlənərsə, futbolun inkişafı üçün ayrılacaq ümumi maliyyə paketi təxminən 10 milyard dollar təşkil edəcək. Təşəbbüsün həyata keçirilməsi üçün FIFA-ya üzv assosiasiyaların əksəriyyətinin dəstəyi və FIFA Şurasının təsdiqi tələb olunur.

Bununla yanaşı, təklif dünya futbolunda ciddi mübahisələrə səbəb olub. "The Times" nəşrinə danışan layihə əleyhdarları bu sxemi “açıq-aşkar rüşvət” adlandıraraq, milli federasiyaların təşəbbüsü dəstəkləməkdə birbaşa maliyyə marağının olduğunu bildiriblər.

UEFA da layihəyə sərt reaksiya verib. Avropa futbol qurumu şəffaflığın kifayət qədər təmin olunmamasından narahatlığını ifadə edib və futbolun ən böyük kommersiya aktivlərinin idarə edilməsinin kommersiyalaşdırılmasının yol verilən həddi aşdığını bəyan edib.

FIFA isə öz növbəsində hesab edir ki, bu layihə infrastrukturun, uşaq-gənclər və qadın futbolunun, milli komandaların, eləcə də maliyyə imkanları məhdud olan ölkələrdə futbolun inkişafına yatırımları əhəmiyyətli dərəcədə artıracaq.

İdman.Biz