Emin Mahmudov: “Bu mövsüm daha yaxşı nəticə göstərməliyik”

21 İyul 2026 15:21
206
Emin Mahmudov: “Bu mövsüm daha yaxşı nəticə göstərməliyik”

Azərbaycanın “Neftçi” futbol klubunun kapitanı Emin Mahmudov UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Belarusun “Dinamo” komandasına qarşı keçirəcəkləri ilk oyun barədə danışıb.

İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi bunu matçdan əvvəl Bakıda təşkil olunan mətbuat konfransında deyib.

Mahmudov komandanın görüşə yaxşı hazırlaşdığını bildirib:

“Biz avrokuboklarda iştirakı planlaşdırmırdıq. Matça yaxşı hazırlaşmışıq. Yaxşı oyun sərgiləməliyik”.

Kapitan “Neftçi”nin hədəflərindən də söz açıb:

“Klubun 90 yaşı olur. Buna görə motivasiyalıyıq. Növbəti rəqibi düşünmürük. “Dinamo” ilə görüşə köklənmişik. Bu mərhələni keçəndən sonra növbəti komanda haqqında fikirləşəcəyik”.

Təcrübəli futbolçu komandada əhval-ruhiyyənin yüksək olduğunu vurğulayıb:

“Ötən illərdə də qrup mərhələsinə düşmək şansımız olub. Amma alınmayıb. Bəxtsizlik olub. İnanıram ki, bu mövsüm daha yaxşı nəticə göstərməliyik”.

Mahmudov azarkeşlərin dəstəyinin komanda üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib:

“Fanatlar mövsüm ərzində yanımızda olurlar. Matçlarda əlimizdən gələni etməli və onları sevindirməliyik. Açıq məşqdə də bizə möhtəşəm dəstək oldular”.

O, heyətdə sabitliyin qorunduğunu və yeni transferlərin də gözlənildiyini bildirib:

“Hazırda komandada sabitlik görürəm. Yeni transferlər də olacaq. Məncə, daha yaxşı nəticələr qazanacağıq”.

Qeyd edək ki, “Neftçi” - “Dinamo” görüşü iyulun 22-də saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək. Cavab matçı isə iyulun 30-da baş tutacaq.

İdman.Biz