İngiltərənin “Mançester Yunayted” futbol komandasının hücumçusu Markus Reşford 2026-cı il dünya çempionatında üçüncü yeri tutmalarına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, 28 yaşlı futbolçu fikirlərini şəxsi “Instagram” hesabında paylaşıb.
Reşford Argentina ilə yarımfinal görüşündəki məğlubiyyətin komanda üçün ağır zərbə olduğunu etiraf edib:
“Futbolda yol boyu məyusluqların yaşanacağına zəmanət verən bir həqiqət var. Argentina ilə oyun, şübhəsiz ki, ağır zərbə oldu. Amma irəliləməyə davam etməli və milli komanda olaraq nə qədər böyük yol keçdiyimizi anlamalıyıq”.
İngiltərə millisinin hücumçusu komandanın mundialın finalına çox yaxın olduğunu vurğulayıb:
“Yaxınıq, çox yaxınıq, amma yenə də hər şey istədiyimiz kimi alınmadı”.
Reşford üçüncü yer uğrunda matçda Fransaya qalib gəlmələrinin azarkeşləri sevindirdiyini qeyd edib:
“Bu gün Fransa ilə oyunda düzgün reaksiya verdik. Azarkeşlərimizin üzündə təbəssüm yaradan nəticə qazandıq və üçüncü yeri tutduq”.
Futbolçu İngiltərə millisinin gələcəkdə böyük uğur qazanacağına inandığını bildirib:
“Bu komandanın bir parçası olduğum üçün inanılmaz dərəcədə qürur duyuram. Bizə inanmağa davam edin. Bizim vaxtımız gələcək”.
Reşford paylaşımının sonunda istirahət edəcəyini və daha güclü formada geri qayıtmağa çalışacağını əlavə edib.
