ABŞ-nin “İnter Mayami” futbol komandasının və Argentina millisini hücumçusu Lionel Messi 39 yaşında olmasına baxmayaraq, ən yüksək səviyyədə çıxışını davam etdirir.
İdman.Biz xəbər verir ki, Argentina millisinin kapitanı DÇ-2026-da səkkiz qol vuraraq komandasının finala yüksəlməsində əsas rol oynayıb. Dünya çempionatlarında 21 qola çatan Messi bu göstəricidə 22 qollu Kilian Mbappedən sonra ikinci pillədə qərarlaşıb. Argentina iyulun 19-da həlledici görüşdə İspaniya ilə qarşılaşacaq.
40 yaşına yaxınlaşan futbolçunun fiziki hazırlığı yalnız məşqlərlə əlaqələndirilmir. Messinin uzunömürlülüyünün əsas səbəblərindən biri kimi 2014-cü ildən etibarən qidalanma rejimində etdiyi ciddi dəyişikliklər göstərilir.
Bu dəyişikliklərin arxasında isə İtaliyanın Venesiya yaxınlığındakı Saçile şəhərində çalışan idman həkimi və kineziologiya mütəxəssisi (əzələlərin bütün istiqamətlərdə mexaniki hərəkətlərini öyrənən elm) Culiano Pozer dayanır.

Messi əvvəllər necə qidalanırdı?
Lionel Messi gənclik illərində bir çox argentinalı kimi ət, pizza, qızardılmış yeməklər və şirin qazlı içkilərə üstünlük verirdi. Gənc yaşlarda bu qidalanma rejiminin təsirləri o qədər də hiss olunmasa da, illər keçdikcə futbolçunun fiziki vəziyyətində problemlər yaranmağa başladı.
2013/2014 mövsümü Messi üçün uğurlu alınmadı. Argentinalı hücumçu zədələr və fiziki formadakı enişlə üzləşdi. “Barselona” isə altı ildən sonra ilk dəfə mövsümü böyük titul qazanmadan başa vurdu.
DÇ-2014-də Argentina finala yüksəlsə də, Messi Almaniya ilə həlledici qarşılaşmada əvvəlki oyunlarla müqayisədə daha yorğun görünürdü. Argentina əlavə vaxtda buraxdığı qolla 0:1 hesabı ilə məğlub oldu.
“Barselona”nın keçmiş transfer müşaviri Karles Reşak daha sonra Messinin həmin dövrdə həddindən artıq pizza yediyini bildirmişdi. Bundan sonra futbolçu həyat tərzini və qidalanmasını dəyişmək qərarına gəldi.
Culiano Pozer kimdir?
Messiyə italiyalı mütəxəssisə müraciət etməyi Argentina millisindəki keçmiş komanda yoldaşı Martin Demikelis tövsiyə edib.
Pozer klassik mənada yalnız dietoloq deyil. O, idman təbabəti və kineziologiya sahəsində çalışan həkimdir. Mütəxəssis əzələlərin tonusunu və müxtəlif qidalara reaksiyasını qiymətləndirərək hər bir idmançı üçün fərdi qidalanma proqramı hazırladığını bildirirdi.
Pozer mediadan uzaq qalmağa üstünlük verdiyi üçün onun metodları haqqında geniş məlumat yayılmayıb. Lakin Messi ilə əməkdaşlıqdan sonra Serxio Aquero, Qonsalo İquain və digər tanınmış futbolçuların da italiyalı mütəxəssisə müraciət etdiyi bildirilirdi.

Messinin menyusunda nə dəyişdi?
Pozerin ilk tələbi emal edilmiş məhsulların və rafinə olunmuş şəkərin azaldılması idi.
Mütəxəssis müsahibələrindən birində şəkəri əzələlər üçün ən zərərli məhsullardan biri adlandırmışdı. O, ağ un, ağ çörək, şirniyyat və adi undan hazırlanan makaron məmulatlarının da ciddi şəkildə məhdudlaşdırılmasını məsləhət görürdü.
Pizza və şirin qazlı içkilərin yerini daha sadə məhsullar tutdu:
- kifayət qədər su;
- keyfiyyətli zeytun yağı;
- tam taxıllı məhsullar;
- balıq;
- təzə meyvə və tərəvəzlər;
- qoz-fındıq və müxtəlif toxumlar.
Pozer bu məhsulları orqanizm üçün əsas enerji mənbələri hesab edirdi. Messi emal edilmiş qidaları vitaminlərlə zəngin taxıl, tərəvəz, balıq və zeytun yağı ilə əvəzləmişdi.
Futbolçunun uşaqlıqdan öyrəşdiyi ətin miqdarı da azaldıldı. Pozer argentinalıların və uruqvaylıların adətən normadan artıq ət qəbul etdiyini düşünürdü. Bununla yanaşı, duz tamamilə qadağan edilmədi. Mütəxəssisin fikrincə, az miqdarda duz orqanizmin normal fəaliyyəti üçün lazımdır.
Dəyişiklik hansı nəticələri verdi?
Messinin qidalanma sistemini dəyişməsi 2014/2015 mövsümündəki yüksəlişi ilə eyni dövrə təsadüf etdi.
Argentinalı futbolçu həmin mövsüm bütün turnirlərdə 58 qol vurdu. “Barselona” isə Çempionlar Liqası, İspaniya çempionatı və ölkə kubokunun qalibi olaraq trebl etdi.
Mətbuatda yayılan məlumatlara görə, Messi yeni qidalanma rejiminə keçdikdən sonra təxminən 3,5 kiloqram çəki itirdi. Bu dəyişiklik onun meydandakı hərəkətlərinin daha yüngül görünməsi ilə əlaqələndirilirdi.
Həzm problemlərinin və əzələ narahatlıqlarının azalması, oyunlardan sonra bərpa prosesinin sürətlənməsi də yeni rejimin mümkün nəticələri arasında göstərilirdi. Bununla belə, futbolçunun performansındakı yüksəlişi yalnız qidalanma ilə əlaqələndirmək düzgün olmazdı. Məşq proqramı, tibbi nəzarət, istirahət və ümumi həyat tərzi də mühüm rol oynayır.
Pozer Messinin uğurunu futbolçunun dəyişikliklərə açıq olması ilə izah edirdi:
“Dünya çempionatından sonra onda nəsə dəyişdi. Messi peşəkar həyatında fərqli bir şey sınamaq üçün kifayət qədər intuisiyaya və təvazökarlığa sahib idi”.

Pozer metodu niyə uzunmüddətli oldu?
Messinin qidalanma rejimindəki dəyişiklik müvəqqəti pəhriz kimi qəbul edilmədi. Futbolçu həmin prinsipləri yaşına, oyun qrafikinə və fiziki ehtiyaclarına uyğunlaşdıraraq illərlə davam etdirdi.
Messi daha əvvəl 18-19 yaşında qəbul edilən qidalarla 27 yaşında yeyilə biləcək məhsulların eyni olmadığını söyləmişdi. Yaşı artdıqca onun qidalanma və bərpa prosesinə yanaşması daha intizamlı oldu.
Bu, argentinalı ulduzun sevdiyi bütün məhsullardan tamamilə imtina etməsi demək deyil. Messi şokolad, dondurma və Argentinanın ənənəvi “dulce de leche” südlü karamelini sevdiyini gizlətməyib. Lakin bu məhsullar onun menyusunda yalnız müəyyən hallarda yer alır.
Futbolçunun uşaqlıqdan içdiyi yerba mate də qidalanma rejiminin bir hissəsi olaraq qalır. Lakin Messi artıq onu əsasən şəkərsiz qəbul edir.
Beləliklə, Messinin menyusunda xüsusi və əlçatmaz məhsullar yoxdur. Qidalanmanın əsasını su, tərəvəz, meyvə, tam taxıllı məhsullar, balıq, qoz-fındıq və zeytun yağı təşkil edir.
