“Zirə” futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Estoniyanın “Payde” klubuna qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.
İdman.Biz xəbər verir ki, UEFA qarşılaşmanı Moldovadan olan FIFA referisi Roman Jitariyə həvalə edib.
35 yaşlı baş hakimə yan xətt hakimləri Viktor Mardari və Andrey Bodean kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Brequta yerinə yetirəcək.
Qeyd edək ki, “Payde” – “Zirə” oyunu iyulun 23-də Estoniyanın Parnu şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, Roman Jitari cari mövsüm UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda keçirilən “Qarabağ” – “Vestri” görüşünü də idarə edib. Həmin matçda Ağdam təmsilçisi İslandiya klubunu 3:0 hesabı ilə məğlub edib.
