Azərbaycanın “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) klubuna qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.
İdman.Biz xəbər verir ki, Bakıda baş tutacaq qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi FIFA referisi Konstantinos Fellas olacaq. Ona yan xətt hakimləri Marios Kaloqirou və Giorgios Çaralampous kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Konstantinos Neofytou yerinə yetirəcək.
Qeyd edək ki, “Neftçi” - “Dinamo” (Minsk) arasında ilk görüş iyulun 22-də “Palms Sports Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq. Cavab qarşılaşması isə iyulun 30-na təsadüf edəcək.
