Azərbaycan Premyer Liqasında VAR-la bağlı iki yenilik tətbiq olunacaq

17 İyul 2026 16:58
88
Azərbaycan Premyer Liqasında VAR-la bağlı iki yenilik tətbiq olunacaq

Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə VAR sistemi ilə bağlı iki yeniliyin tətbiq ediləcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, PFL rəsmisi bu barədə Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkatma mərasimində danışıb.

Onun sözlərinə görə, 2026-cı il dünya çempionatında VAR sistemi ilə bağlı tətbiq olunan yeniliklər Azərbaycan Premyer Liqasında da qüvvəyə minəcək.

“Yeniliklər əlavə iki oyun epizodunun araşdırılmasını nəzərdə tutur. Bunlar səhv göstərilən qırmızı vərəqə və ikinci sarı vərəqədən sonra verilən qırmızı vərəqə ilə bağlı epizodlardır. Biz bunu yeni mövsümdə tətbiq edəcəyik”, - deyə Abbasov bildirib.

PFL rəsmisi qeyd edib ki, AFFA Hakimlər Komitəsi tərəfindən yeniliklərlə bağlı xüsusi təqdimat hazırlanır və məlumat artıq klublarla bölüşülüb.

“Klublar bundan məlumatlıdırlar. Yaxın gələcəkdə həm klublar, həm də media nümayəndələri üçün əlavə seminarların təşkil olunacağı bildirilib. Beləliklə, dünya çempionatında VAR-la bağlı tətbiq edilən iki yenilik növbəti mövsümdə Premyer Liqamızda da qüvvədə olacaq”, - deyə o əlavə edib.

İdman.Biz