“Payde”nin sürəti, Minsk “Dinamo”sunun təcrübəsi: “Zirə” və “Neftçi”ni hansı rəqiblər gözləyir? - İDMAN.BİZ-in İCMALI

17 İyul 2026 17:29
68
“Payde”nin sürəti, Minsk “Dinamo”sunun təcrübəsi: “Zirə” və “Neftçi”ni hansı rəqiblər gözləyir? - İDMAN.BİZ-in İCMALI

Azərbaycanın “Zirə” və “Neftçi” futbol klubları artıq, yəqin ki, Konfrans Liqasının II təsnifat mərhələsinə hazırlığa başlayıblar. Hər iki komandanın bu mərhələdəki rəqibləri artıq məlumdur.

Rəşad Sadıqovun komandası Estoniyanın “Payde” klubu ilə üz-üzə gələcək. “Neftçi”nin rəqibi isə Minsk “Dinamo”su olacaq. İlk oyunlar iyulun 23-də, cavab qarşılaşmaları isə iyulun 30-da keçiriləcək. “Zirə” mübarizəyə səfərdə başlayacaq, “Neftçi” isə ilk matçını doğma meydanda keçirəcək. Yeri gəlmişkən, UEFA-nın tətbiq etdiyi sanksiyalar səbəbindən Minsk təmsilçisi ev oyunlarını Bolqarıstanda keçirir.

İdman.Biz Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycan klublarının rəqiblərini daha yaxından təqdim edir.

“Payde”: sürətli futbolçulara malik gənc klub

“Payde” 2004-cü ildə yaradılıb və cəmi beş il sonra Estoniya çempionatının yüksək liqasına yüksəlib. Klubun ən böyük uğurları 2022-ci ildə ölkə kubokunu, bir il sonra isə Superkuboku qazanmasıdır.

Konfrans Liqasının I təsnifat mərhələsində Estoniya təmsilçisi Litvanın “Hegelmann” klubunu mübarizədən kənarlaşdırıb. İlk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb, cavab görüşündə isə “Payde” 3:0 hesablı inamlı qələbə qazanıb. Qolları Pa Modu Sona, Abdurahman Badamosi və Kristofer Piht vurublar.

Komandanın heyəti təcrübəli eston futbolçularla gənc legionerlərin vəhdətindən ibarətdir. Ən tanınmış oyunçular arasında Estoniya millisində çıxış etmiş Henri Anier, Henrik Oyamaa, Siim Luts, Martin Miller və Nikita Baranov yer alırlar.

Xüsusilə gənc afrikalı futbolçular diqqət çəkirlər. Badamosi “Hegelmann”a qarşı hər iki oyunda fərqlənib, Sona isə müdafiədən hücuma keçid zamanı komandaya sürət qazandırır. Piht də rəqib cərimə meydançasında təhlükəli futbolçudur. O, boş zonalardan məharətlə istifadə edir və hücumların tamamlanmasında effektiv çıxış edir.

“Payde” topu sürətlə irəli daşımağa və hücumların inkişafını ləngitməməyə üstünlük verir. Estoniya klubu cinahlardan və uzun ötürmələrdən fəal istifadə etsə də, müdafiədə hər zaman etibarlı təsir bağışlamır.

Klubun avrokubokların təsnifat mərhələsində uğurlu çıxış təcrübəsi də var. “Payde” 2022-ci ildə Tbilisi “Dinamo”su və “Ararat-Ermənistan”ı mübarizədən kənarlaşdırıb. İki il sonra isə ilk oyunda 1:2 hesabı ilə uduzduğu İslandiyanın “Styarnan” klubunu evdə 4:0 hesabı ilə darmadağın edərək növbəti mərhələyə yüksəlib.

Minsk “Dinamo”su: zəngin tarix və çətin ilk mərhələ

Minsk “Dinamo”su daha zəngin tarixə malik klubdur. Komanda 1927-ci ildə yaradılıb və ən böyük uğuru 1982-ci ildə SSRİ çempionu olmasıdır.

Belarus müstəqillik qazandıqdan sonra “Dinamo” doqquz dəfə ölkə çempionu olub. Son iki titul 2023 və 2024-cü illərdə qazanılıb. Minsk təmsilçisi 2024/25 mövsümündə Konfrans Liqasının ümumi mərhələsində də çıxış edib.

Komandanın cari mövsümdə II təsnifat mərhələsinə yolu heç də asan olmayıb. Belarus klubu ilk oyunda Şimali Makedoniyanın “Sileks” komandasına 0:1 hesabı ilə məğlub olub.

Cavab matçında Yevgeni Malaşeviç erkən qolla iki oyunun ümumi hesabını bərabərləşdirib. Bundan sonra komandalar qol vura bilməyiblər və cütün taleyi penaltilər seriyasında həll olunub. Burada Minsk “Dinamo”su 6:5 hesabı ilə qalib gəlib.

Aleksandr Şaqoykonun komandası kompakt futbol oynamağa və topu qazandıqdan sonra sürətlə hücuma keçməyə çalışır. Ən təcrübəli futbolçulardan biri kapitan Roman Bequnovdur. Yarımmüdafiənin mərkəzində isə müdafiə ilə hücum arasında balans yaradan Aleksandr Selyava mühüm rol oynayır.

Hücumda əsas təhlükə Qırğızıstandan olan legioner Güljigit Alıkulov və Malaşeviçdən gəlir. Alıkulov sürəti və rəqiblərini təkbətək mübarizədə keçmək bacarığı ilə seçilir. Malaşeviç isə müxtəlif mövqelərdə oynaya və hücumların tamamlanmasına qoşula bilir. Hücumun mərkəzində fiziki cəhətdən güclü Mustafa Djime və erməni əsilli Belarus millisinin üzvü Karen Vardanyan da meydana çıxa bilər. Sonuncunun Bakıya səfəri ilə bağlı məsələ, şübhəsiz ki, klub daxilində müzakirə olunacaq. Bununla belə, məlum olduğu kimi, Azərbaycan ölkəyə gələn bütün idmançıların təhlükəsizliyinə zəmanət verir.

Minsk klubunun əsas üstünlüklərindən biri oyun ritmidir. Belarus çempionatı da yaz-payız sistemi ilə keçirildiyindən komanda artıq optimal formaya düşüb və mütəmadi olaraq rəsmi oyunlara çıxır. Bununla belə, “Sileks”lə görüşlər göstərdi ki, Minsk təmsilçisi mövqe hücumlarında hər zaman rahat çıxış etmir. Şimali Makedoniya klubuna qarşı 210 dəqiqə ərzində “Dinamo” cəmi bir oyundaxili qol vurmağı bacarıb.

Beləliklə, “Zirə” keçid mərhələlərində təhlükəli oynamağı bacaran gənc və sürətli komanda ilə qarşılaşacaq. “Neftçi”ni isə Avropa təcrübəsinə malik, yüksək oyun ritmində olan və ən çətin matçlarda belə nəticə qazanmağı bacaran daha təcrübəli rəqib gözləyir.

İdman.Biz