“Əl-Hilal” Rafinya ilə bağlı transfer iddialarını təkzib etdi

12 İyul 2026 17:13
90
“Əl-Hilal” Rafinya ilə bağlı transfer iddialarını təkzib etdi

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu “Barselona”nın cinah hücumçusu Rafinya ilə bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib.

İdman.Biz “365Scores”a istinadən xəbər verir ki, Ər-Riyad təmsilçisi braziliyalı futbolçunun keçidi ilə bağlı heç bir danışıq aparmır. Klub Rafinyanı yay transfer pəncərəsində əsas hədəflərindən biri kimi nəzərdən keçirmədiyini açıqlayıb.

“Əl-Hilal” rəhbərliyi yayılan xəbərlərdən narazılığını da ifadə edib. Klub nümayəndələri hesab edirlər ki, komandanın adı Rafinyanın “Barselona”dakı müqavilə şərtlərinin yaxşılaşdırılması üçün təzyiq vasitəsi kimi istifadə oluna bilər. Səudiyyə klubu futbolçunun nümayəndələri ilə nə rəsmi, nə də qeyri-rəsmi təmasın olduğunu vurğulayıb.

Rafinya daha əvvəl “Barselona”dan ayrılmaq niyyətində olmadığını dəfələrlə bildirib. Braziliyalı futbolçu Kataloniya klubunda karyerasının sonunadək qalmağın onun arzusu olduğunu söyləyib.

29 yaşlı futbolçu 2025-ci ilin mayında “Barselona” ilə müqaviləsini yeniləyib. Onun sözləşməsi 2028-ci il iyunun 30-dək qüvvədədir.

İdman.Biz