Yuri Vernidub “Neftçi”yə daha üç futbolçu istəyir

12 İyul 2026 17:53
116
Yuri Vernidub “Neftçi”yə daha üç futbolçu istəyir

Azərbaycanın “Neftçi” futbol komandasının baş məşqçisi Yuri Vernidub yay transfer pəncərəsində komandanın heyətini gücləndirmək niyyətindədir.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, ukraynalı mütəxəssis yaxın vaxtlarda daha üç futbolçunun transfer olunmasını istəyir. Vernidub bununla bağlı klub rəhbərliyinə müvafiq hesabat təqdim edib.

Baş məşqçi müdafiə, yarımmüdafiə və hücum xətlərinin hər birinə bir yeni oyunçunun cəlb edilməsinin tərəfdarıdır. “Neftçi” ilə müqaviləsi 2028-ci ilin yayınadək uzadılan Vernidub komandanın həm ölkə daxilində, həm də avrokuboklarda uğurlu çıxışı üçün heyətin daha da gücləndirilməsini vacib sayır.

Yuri Vernidub 2025-ci ilin dekabrından “Neftçi”yə rəhbərlik edir. Paytaxt təmsilçisi onun rəhbərliyi altında ötən mövsümü Azərbaycan Premyer Liqasında dördüncü pillədə başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə qazanıb.

“Ağ-qaralar” yay transfer pəncərəsində artıq dörd futbolçu ilə gücləniblər. Daha əvvəl “Şamaxı”da çıxış edən Rüfət Abbasov komandaya qayıdıb. Portuqaliyanın “Santa Klara” klubundan Qustavo Klisman, son klubu İtaliyanın “Peskara” komandası olan Endryu Qravilyon və Yunanıstanın AEL təmsilçisindən Lyubomir Tupta da “Neftçi”yə qoşulublar.

Klubdan ayrılan futbolçuların sayı isə beşdir. Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov və Cordan Rezabala “Neftçi”ni tərk ediblər.

İdman.Biz