İngiltərənin “Mançester Siti” futbol komandası yarımmüdafiəçisi Cek Qriliş karyerasını “Everton”da davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, “Football Insider”in məlumatına görə, İngiltərənin “Everton” klubu 30 yaşlı futbolçunun birdəfəlik transferi üçün 5-10 milyon funt sterlinq (11,4-22,8 milyon manat) ödəməyə hazırdır.
Lakin “Everton” Qrilişin icarə müqaviləsində nəzərdə tutulan 50 milyon funt sterlinqlik (114,2 milyon manat) satınalma şərtini yerinə yetirmək niyyətində deyil. “Mançester Siti”nin futbolçu üçün məhz bu məbləği tələb etdiyi bildirilir.
“Everton” rəhbərliyi Qrilişin icarə əsasında komandada keçirdiyi 2025/2026 mövsümündəki çıxışından razı qalıb. İngiltərəli futbolçu bütün turnirlər üzrə 22 matçda iki qol vurub və altı məhsuldar ötürmə edib. Onun mövsümü ayağındakı yorğunluq sınığı səbəbindən keçirdiyi əməliyyatdan sonra vaxtından əvvəl başa çatıb.
Qriliş 2021-ci ilin yayında “Aston Villa”dan “Mançester Siti”yə 100 milyon funt sterlinqə transfer olunub. Bu məbləğ həmin dövrdə təxminən 117 milyon avroya bərabər idi.
Yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir. “
