“Yuventus”un planı: Duqlas Luis üçün son şans, İnao gündəmdə

6 İyul 2026 00:25
77
“Yuventus”un planı: Duqlas Luis üçün son şans, İnao gündəmdə

İtaliyanın “Yuventus” futbol klubu yarımmüdafiə xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir.

İdman.Biz xəbər verir ki, baş məşqçi Luçano Spalletti komandaya oyunu qurmağı bacaran texnikalı yarımmüdafiəçi cəlb etmək istəyir. Manuel Lokatelli planlarda əsas fiqur olaraq qalsa da, mütəxəssis Stanislav Lobotka və David Pisarro tipli futbolçu axtarışındadır.

Turin klubunun ilk hədəfi Duqlas Luisin durumunu qiymətləndirməkdir. Braziliyalı yarımmüdafiəçinin 13 iyulda mövsümöncəsi hazırlığa qoşulacağı gözlənilir. Spalletti onun dərin oyunqurucu mövqeyində faydalı ola biləcəyinə inanır. 2024-cü ildə 50 milyon avroya (təxminən 100 milyon manat) transfer edilən futbolçu gözləntiləri doğrultmasa, “Yuventus” yay transfer pəncərəsi bağlanana qədər təklifləri nəzərdən keçirəcək.

Eyni zamanda, “Yuventus” “Trabzonspor”un yarımmüdafiəçisi Krist İnao Ulaini yaxından izləyir. 20 yaşlı Fil Dişi Sahili millisinin üzvü texnikası, təzyiq altında topu saxlamaq bacarığı və universallığı ilə diqqət çəkir.

İnao daha çox dayaq yarımmüdafiəçisi kimi çıxış etsə də, hücuma yaxın mövqelərdə də oynaya bilir. “Yuventus” onu dərhal əsas heyət üzvü kimi yox, uzunmüddətli investisiya kimi dəyərləndirir.

Futbolçu ilə “Fiorentina”, “RB Leyptsiq” və “Brayton” da maraqlanır. “Brentford”un 25 milyon avroluq (təxminən 50 milyon manat) təklifi isə “Trabzonspor” tərəfindən rədd edilib. Türkiyə klubu daha yüksək məbləğ gözləyir. İnaonun keçmiş klubu “Bastiya” gələcək satışdan 20 faiz pay almalıdır.

“Yuventus” Frank Kessi və Leon Qoretska variantlarını da gündəmdə saxlayır. Lakin bu transferlər üçün klubun Teun Kopmeyners və ya Kefren Tyuram kimi yarımmüdafiəçilərdən birini satması lazım gələ bilər.

İdman.Biz