Azərbaycan Premyer Liqasında 511 qol

1 İyul 2026 11:01
168
Azərbaycan Premyer Liqasında 511 qol

Azərbaycan Premyer Liqasında 2025-2026-cı illər mövsümünün qol statistikası açıqlanıb.

İdman.Biz xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına əsasən, mövsüm ərzində keçirilən 198 oyunda ümumilikdə 511 qol vurulub. Bir oyuna orta hesabla 2,58 qol düşüb.

Mövsümün ən erkən qolu “Sabah”ın futbolçusu Coy Lens Mikelsin adına yazılıb. O, 24 avqust 2025-ci ildə keçirilən “Şamaxı” - “Sabah” matçında 38-ci saniyədə fərqlənib. Görüş “Sabah”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Cari mövsümdə 55 qol penaltidən vurulub. 14 penalti zərbəsi isə qolla nəticələnməyib. Ümumilikdə 17 qarşılaşmada hesab açılmayıb - 0:0. Mövsüm ərzində 15 avtoqol qeydə alınıb.

Qolların dəqiqələr üzrə bölgüsündə ən məhsuldar bölüm 76-90-cı dəqiqələr aralığı olub. Bu zaman kəsiyində 122 qol vurulub ki, bu da ümumi qolların 23,87 faizini təşkil edir. 31-45-ci dəqiqələrdə 101 qol, 46-60-cı dəqiqələrdə 86 qol, 61-75-ci dəqiqələrdə isə 83 qol qeydə alınıb.

Ən məhsuldar tur yeddinci tur olub. Həmin turda 24 qol vurulub. Ən az qol isə 21-ci turda qeydə alınıb - beş qol. Orta hesabla hər turda 15 qol vurulub.

Son beş mövsümün göstəricilərinə baxdıqda, 2020/21 mövsümündə 266, 2021/22 mövsümündə 291, 2022/23 mövsümündə 475, 2023/24 mövsümündə 471, 2024/25 mövsümündə isə 432 qol qeydə alınıb.

İdman.Biz