“Kəpəz” yerli futbolçulara ən çox güvənən komandadır

1 İyul 2026 11:50
108
“Kəpəz” yerli futbolçulara ən çox güvənən komandadır

Azərbaycan Premyer Liqasında 2025-2026-cı illər mövsümünün futbolçu və qapıçı statistikası açıqlanıb.

İdman.Biz xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına əsasən, mövsüm ərzində ümumilikdə 330 futbolçu meydana çıxıb.

Ən çox quru oyun keçirən qapıçılar siyahısında ilk pilləni iki futbolçu bölüşüb. “Sabah”ın qapıçısı Stas Pokatilov və “Şamaxı”nın qolkiperi Rikardo Fernandes hərəyə 13 matçda qapısını toxunulmaz saxlayıb. “İmişli”dən Andrey Sinenka və “Zirə”dən Tiaqo Silva 11 quru oyunla növbəti yerlərdə qərarlaşıb. “Turan Tovuz”dan Oleq Baklov və “Neftçi”dən Kenan Piriç isə 10 oyunda qol buraxmayıb.

Mövsüm ərzində ən çox futbolçuya “Kəpəz” şans verib. Gəncə təmsilçisində 35 oyunçu meydana çıxıb. Ən az futbolçu isə “Araz-Naxçıvan”da qeydə alınıb - 23. Yerli futbolçuların sayında da “Kəpəz” öndə olub - 22. Bu göstəricidə ən aşağı nəticə “Neftçi”yə məxsusdur - səkkiz yerli oyunçu.

Legioner sayında isə üç klub fərqlənib. “Sabah”, “Qarabağ” və “Neftçi” mövsüm ərzində hərəyə 17 legionerdən istifadə edib. Onları 16 legionerlə “Zirə” və 15 legionerlə “Turan Tovuz” izləyir. Ən az legioner “İmişli”də qeydə alınıb - 11.

Mövsümün ən gənc futbolçusu “Kəpəz”dən Raul İsaqov olub. O, 15 may 2025-ci ildə keçirilən “Araz-Naxçıvan” - “Kəpəz” oyununda meydana çıxarkən 16 yaş 162 günlüyündə olub. Ən yaşlı futbolçu isə “Zirə”dən Stefan Aka olub. O, 18 may 2026-cı ildə “İmişli” - “Zirə” matçında 35 yaş 219 günlüyündə oynayıb.

Mövsüm ərzində beş futbolçu iki fərqli klubun heyətində çıxış edib. Abdulla Rzayev “Turan Tovuz” və “Şamaxı”, Anatoli Nuriyev “Sabah” və “Zirə”, Rauf Rüstəmli “Sumqayıt” və “Karvan-Yevlax”, Sənan Muradlı “Şamaxı” və “Sumqayıt”, Veysəl Rzayev isə “Turan Tovuz” və “Kəpəz” forması geyinib.

İdman.Biz