Türkiyə futbol millisində Vinçentso Montellanın rəhbərliyi altında yeni dəyişikliklər gözlənilir.
İdman.Biz xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) DÇ-2026-ya vəsiqə qazana bilməyən yığmada baş məşqçi ilə yola davam etmək qərarı versə də, texniki heyət və oyun planında yeniliklər istəyir.
Bildirilir ki, TFF rəhbərliyi ilə Montella arasında keçirilən görüşdə UEFA Millətlər Liqası öncəsi komandanın həm psixoloji, həm də fiziki hazırlığı müzakirə olunub. Yeni planlamaya əsasən, texniki heyətə peşəkar mentorun cəlb edilməsi gündəmdədir. Bu addım futbolçuların motivasiyasını və oyun zamanı konsentrasiyasını artırmaq məqsədi daşıyır.
Bundan başqa, atletik performans heyətində də dəyişikliklərin olacağı gözlənilir. Federasiya oyunçuların fiziki durumunun daha yüksək səviyyəyə qaldırılmasını vacib sayır.
Ən ciddi dəyişikliklərdən biri isə oyun sistemi ilə bağlı ola bilər. Dünya çempionatı seçmə mərhələsində tez-tez tənqid olunan mərkəz hücumçusuz oyun modeli yenidən nəzərdən keçiriləcək. Montellanın ya fərqli sistemə keçəcəyi, ya da klassik mərkəz hücumçusuna daha çox şans verəcəyi bildirilir.
Yeni dönəmdə heyət seçimində də dəyişiklik gözlənilir. Formada olan futbolçulara daha çox şans veriləcəyi, rəqabətin daha ədalətli qurulacağı və çıxışı ilə seçilən yeni oyunçuların milliyə daha rahat dəvət alacağı qeyd olunur.
