Xorvatiya millisinin futbolçusu Luka Modriç DÇ-2026-da Qana üzərində 2:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçi “Onda Cero”ya açıqlamasında ilk hədəfə çatdıqlarını deyib.
Modriç Xorvatiyanın turnirdəki ən yaxşı oyununu keçirdiyini bildirib:
“İlk məqsədimiz qrupdan çıxmaq idi və buna nail olduq. Çox xoşbəxtik. Bu, indiyə qədər ən yaxşı oyunumuz idi. Ümid edirəm, növbəti daha da yaxşı olacaq. Bilirəm ki, elə yaşdayam, son getdikcə yaxınlaşır. Hər məşqdən və hər oyundan zövq almağa çalışıram”.
Modriç Joze Mourinyonun “Real”a mümkün qayıdışı ilə bağlı suala isə zarafatla cavab verib:
“Yox, yox, mənə zəng etməsin. Ona həmişə olduğu kimi uğurlar arzulayıram. O, ən yaxşı məşqçilərdən biridir və ona xüsusi rəğbətim var”.
