“Qarabağ” futbol klubunun sabiq vingeri Leandro Andrade klub və azarkeşlərlə vidalaşıb.
İdman.Biz xəbər verir ki, karyerasını Ukraynanın “Polesye” klubunda davam etdirəcək futbolçu sosial şəbəkə hesabında emosional paylaşım edib.
O, dörd il yarım ərzində “Qarabağ”da yaşadıqlarını unudulmaz adlandırıb:
“Qarabağ”la vidalaşmaq vaxtı gəldi. Bunu etmək asan deyil, amma bu dörd il yarım ərzində yaşadıqlarımı sözlə ifadə etməyə çalışacağam. Bu dövrü bir sözlə təsvir etsəm, unudulmaz idi”.
Andrade məşqçilərə, klub əməkdaşlarına və komanda yoldaşlarına təşəkkür edib:
“Mənə verilən imkan üçün məşqçilərə, klubun bütün əməkdaşlarına və komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. İlk gündən özümü evdəki kimi hiss etdim. Burada ömürlük dostlar qazandım”.
26 yaşlı futbolçu azarkeşlərə də ayrıca minnətdarlıq bildirib:
“Daimi dəstəyə və çoxsaylı isti mesajlara görə azarkeşlərimizə xüsusi təşəkkür edirəm. Siz həmişə mənə özünüzdən biri olduğumu hiss etdirdiniz”.
Andrade paylaşımını bu sözlərlə tamamlayıb:
“Böyük minnətdarlıq və dolu ürəklə ayrılıram. Kluba və onun bir parçası olan hər kəsə ən yaxşısını arzulayıram. Siz buna həqiqətən layiqsiniz. Təşəkkürlər, Bakı! Təşəkkürlər, “Qarabağ” ailəsi!”
