Qazaxıstanın “Tobol” futbol komandasının mərkəz müdafiəçisi Rayan Senhadji “Sabah”ın qapıçısı Stas Pokatilovun çıxışını yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, 29 yaşlı əlcəzairli futbolçu “ASnews”a müsahibəsində Azərbaycan futbolu və “Sabah” barədə danışıb. Bu yay “Sumqayıt”dan “Tobol”a keçən Senhadji Pokatilovun Bakı klubunda özünü doğrultduğunu bildirib.
O, “Sabah”ın qapıçı seçiminin təsadüfi olmadığını deyib:
“Əgər belə ciddi klub Pokatilova güvənibsə, deməli, o, buna layiqdir. Çoxları bilmir ki, “Sabah” rəhbərliyi kadrların inkişafına, infrastruktura və azarkeşlərlə münasibətlərə ciddi yatırım edir. Klubun Azərbaycanda xüsusi aurası var”.
Senhadji Stas Pokatilovu Azərbaycan çempionatının ən güclü qapıçılarından biri saydığını vurğulayıb. Onun sözlərinə görə, “Sabah”ın qolkiperini “Qarabağ”ın qapıçısı Mateuş Koxalski ilə birlikdə ölkənin ən yaxşıları sırasında göstərmək olar.
Qeyd edək ki, 33 yaşlı Stas Pokatilov geridə qalan mövsümdə “Sabah”la Misli Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olub. Qazaxıstanlı qapıçı çempionatda 30 oyunun 13-də qapısını toxunulmaz saxlayıb.
