Adını “Cəbrayıl”dan “Gəncəbasar”a dəyişən və rəhbərliyi yenilənən Birinci Liqa təmsilçisi fəaliyyətini Gəncədə davam etdirəcək.
İdman.Biz report.az-a istinadən xəbər verir ki, klubun yeni rəhbərliyində vaxtilə “Kəpəz”in İdarə Heyətinin sədri olmuş İlqar Nadiri və klubun keçmiş icraçı direktoru Cabir İbrahimov da yer alacaq.
“Gəncəbasar” “Biz başlayırıq” şüarı ilə futbol ictimaiyyətinə müraciət edərək, əsas hədəflərini açıqlayıb. Klub uzunmüddətli və dayanıqlı struktur formalaşdırmaq, uşaq futbol akademiyası yaratmaq və bölgədə futbolun inkişafına töhfə vermək niyyətindədir.
Həmçinin azarkeşlərin rəğbətini qazanmaq və yaxın gələcəkdə uğurlar əldə etmək əsas prioritetlər sırasında göstərilib. Rəhbərlik klubun fəaliyyətinin sistemli və davamlı inkişaf modelinə əsaslanacağını açıqlayıb.
