“Səbail” futbol klubunun keçmiş müdafiəçisi Dmitri Litvin Azərbaycan Premyer Liqasında çıxış etdiyi dövrü xatırlayıb.
İdman.Biz xəbər verir ki, Malayziyanın “Kuala Lumpur” futbol klubunda çıxış edən 29 yaşlı oyunçu Ukrayna mediasına müsahibəsində “Səbail”dəki dönəmindən danışıb.
Litvin Azərbaycan çempionatının onda xoş təəssürat yaratdığını bildirib:
“Azərbaycan mənə həyat yoldaşımla tanışlığımı xatırladır. Çempionat çox maraqlı və rəqabətli idi. Həqiqətən də xoşuma gəlirdi”.
Müdafiəçi futbolçu üçün yaşamaq baxımından ən rahat şəhərləri də açıqlayıb. O, Ukrayna, Portuqaliya, Farer adaları, Azərbaycan və Malayziyada çıxış etdiyini xatırladaraq, Kiyev və Bakını xüsusi fərqləndirib.
Litvin ölkələrin onun həyatına təsirini belə izah edib:
“Ukrayna mənim üçün baza və evdir. Portuqaliya böyüməyim və futbolçu kimi formalaşmağımdır. Azərbaycan həyat yoldaşım, dəyərlərin və prioritetlərin dəyişməsi, ailəmdir. Malayziya isə ata rolu və qeyd-şərtsiz məsuliyyətdir”.
Qeyd edək ki, Dmitri Litvin karyerası ərzində “Metalist” Xarkov, “Aveş”, “Fafe”, “Zorya”, “Olimpik” Donetsk, “Akron”, “SKA-Xabarovsk”, “Klaksvik”, “Lusitania” və “Səbail” klublarında çıxış edib.
