Argentinalı futbolçu Xulian Alvaresin “Atletiko Madrid”dən ayrılmaq istəyi “Arsenal” üçün yeni transfer fürsəti yaradıb.
İdman.Biz xəbər verir ki, bu barədə TEAMtalk məlumat yayıb. “Barselona” futbolçunun əsas arzusu kimi göstərilsə də, Madrid klubu Kataloniya təmsilçisi ilə danışıqlara müsbət yanaşmır.
Alvares Argentina millisinin Avstriya ilə oyunundan sonra klub rəhbərliyi ilə danışdığını və transferin hamı üçün ən doğru variant ola biləcəyini bildirib. 26 yaşlı hücumçu “Atletiko”dan ayrılaraq “arzusunu reallaşdırmaq” istədiyini açıq şəkildə ifadə edib.
“Arsenal”ın ümidini artıran əsas səbəb “Atletiko”nun Alvaresi La Liqadakı birbaşa rəqiblərinə satmaq istəməməsidir. Madrid təmsilçisi daha əvvəl “Real Madrid”in 150 milyon avroluq (300 milyon AZN) təklifini də rədd edib və futbolçunun müqaviləsində 500 milyon avroluq (1 milyon AZN) sərbəstqalma məbləğinin olduğunu xatırladıb.
İspaniya klubu Alvaresin mümkün transferində xarici klublara üstünlük verə bilər. Bu baxımdan “Arsenal” və PSJ “Barselona” ilə müqayisədə daha əlverişli mövqedədir.
London klubunun daha bir üstünlüyü oyunçu mübadiləsi variantıdır. TEAMtalk yazır ki, “Atletiko” son həftələrdə “Arsenal”ın bir neçə futbolçusu ilə maraqlanıb. Viktor Dyokeres, İtan Nvaneri, Qabriel Martinelli, Qabriel Jezus və Leandro Trossardın adı mümkün danışıqlarda hallanır.
Alvaresin özü də “Arsenal” variantını tam bağlamayıb. O, açıqlamasında konkret klub adı çəkməyib. Bu səbəbdən “Barselona” transferi alınmasa, İngiltərə Premyer Liqası təmsilçisi argentinalı hücumçu üçün əsas alternativlərdən biri ola bilər.
