AFFA-dan milyonluq dəstək: Ən böyük payı hansı klub aldı? - YENİLƏNİB + FOTO

24 İyun 2026 15:41
637
AFFA-dan milyonluq dəstək: Ən böyük payı hansı klub aldı? - YENİLƏNİB + FOTO

AFFA İcraiyyə Komitəsinin 3 fevral 2025-ci il tarixli qərarı ilə Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan təşviq mexanizmi çərçivəsində Misli Premyer Liqası klublarına ödənişlər edilib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu yerli futbolçuların Premyer Liqada keçirdikləri dəqiqələrə uyğun olaraq bölüşdürülüb.

Qərara əsasən, Premyer Liqada çıxış edən 12 kluba ümumilikdə 2 milyon 560 min manat vəsait ayrılıb. Ən yüksək məbləği “Qəbələ” futbol klubu əldə edib – 379 min 987 manat bonus və əlavə 50 min manat xüsusi mükafat. “Sumqayıt” futbol klubu 299 min 197 manatla ikinci, “Şamaxı” futbol klubu isə 267 min 314 manatla üçüncü olub.

Bununla yanaşı, AFFA tərəfindən toplanmış vəsaitin 1 milyon 500 min manatlıq hissəsinin Peşəkar Futbol Liqasının büdcəsinə daxil edilməsinə icazə verilib.

AFFA layihənin yerli futbolçuların inkişafına və klubların fəaliyyətinə müsbət təsirini nəzərə alaraq, təşviq mexanizminin növbəti mövsümdə də davam etdirilməsini planlaşdırır.

11:11

Peşəkar Futbol Liqasının (PFL) klublara ödəyəcəyi bonusun məbləği açıqlanıb.

İdman.Biz qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində klublara 2 milyon 610 min manat ödənilib.

AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu Premyer Liqa klubları arasında bölüşdürülüb. Bölgü yerli futbolçuların meydana çıxdığı dəqiqələr əsasında aparılıb.

Mövsüm ərzində PFL tərəfindən müvafiq hesablamalar aparılıb, bütün göstəricilər təhlil olunub və yekun nəticələr AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi meyarlara uyğun müəyyənləşdirilib. İcraiyyə Komitəsinin qərarına əsasən, bonus fondunun həcmi minimum 1 milyon manat olaraq nəzərdə tutulsa da, PFL tərəfindən klubların hesabına ümumilikdə 2 milyon 610 min manat köçürülüb.

Yekun bölgüdə ilk pillədə “Qəbələ” klubu qərarlaşıb. Daha əvvəl elan olunduğu kimi, klub hesablanmış məbləğə əlavə olaraq 50 min manat həcmində xüsusi bonus da əldə edib.

İlk dəfə tətbiq edilən bu təşviq mexanizminin klubların maliyyə dayanıqlığının gücləndirilməsinə, növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, yerli futbolçuların inkişafının stimullaşdırılmasına və Azərbaycan futbolunun davamlı inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

İdman.Biz