Canni İnfantino DÇ-2026 çərçivəsində tətbiq olunan su fasilələri ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Canni İnfantino bu qərarın əsas səbəbinin isti hava şəraiti olduğunu vurğulayıb.
“Əsas səbəb istidir. Lakin biz onu da başa düşməliyik ki, dünya çempionatı kimi 39 gün davam edən turnirdə komandalar potensial olaraq bu müddətdə səkkiz oyun keçirə bilər. Belə şəraitdə istirahət imkanı son dərəcə vacibdir.
Bizim üçün daha önəmli olan odur ki, hər matçda bütün komandalar eyni şəraitdə oynasınlar. Məşqçinin sadəcə havanın daha isti olmasına görə oyunun gedişinə əlavə təsir göstərmək imkanı əldə etməsi, amma temperaturun bir qədər aşağı olduğu başqa matçda eyni imkana malik olmaması ilə barışmaq çətindir. Biz hamı üçün bərabər şərait yaratmaq istəyirik. Məhz buna görə də bu fasilələr hər oyunda tətbiq olunur.
FIFA bunun hesabına əlavə gəlir əldə etmir, çünki bütün kommersiya müqavilələri əvvəlcədən imzalanıb. Buna görə də bu məsələ maliyyə ilə bağlı deyil. Bu, sırf idman məsələsidir.
Futbolçular matçın son saniyələrinə qədər hücum edir və mübarizə aparırlar. Ola bilsin ki, bunun səbəblərindən biri də həmin qısa fasilədir. Oyunçular bir qədər dincəldikdən sonra meydançaya qayıdır və nəyə qadir olduqlarını göstərə bilirlər”, - deyə İnfantino bildirib.
