Alvaresin Barselonada ev aldığı bildirilir

24 İyun 2026 15:07
82
Alvaresin Barselonada ev aldığı bildirilir

İspaniyanın “Atletiko” futbol klubunun argentinalı hücumçusu Xulian Alvares yenidən “Barselona” ilə bağlı xəbərlərin mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, “Minuto 116” podkastında futbolçunun artıq Barselonada ev aldığı iddia olunub. Bu məlumat onun Kataloniya klubuna mümkün keçidi ilə bağlı söz-söhbətləri daha da gücləndirib.

Bununla belə, “Atletiko”nun mövqeyi dəyişməz qalır. Madrid klubu daha əvvəl Alvaresin satışda olmadığını, “Barselona”dan rəsmi təklif almadığını və futbolçu ilə bağlı ev almaq xəbərlərinin də şayiə xarakteri daşıdığını bildirmişdi.

“AS” nəşrinin məlumatına görə, “Barselona” hücum xəttini gücləndirmək üçün Alvaresi əsas hədəflərdən biri kimi görür. Madrid klubunun mövqeyi isə dəyişməz qalır: “Atletiko” Alvaresi satmaq istəmir. 26 yaşlı hücumçunun klubla müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir. Onun sərbəstqalma məbləği 500 milyon avrodur.

Daha əvvəl isə “Atletiko”nun baş direktoru Migel Anxel Xil Marin “Barselona”dan FIFA-ya şikayət etməyə hazırlaşdığı bildirib. Klub Kataloniya klubunu Alvareslə müqaviləsi qüvvədə olduğu halda danışıq aparmaqda ittiham edir.

İdman.Biz