Kiyev “Dinamo”sunun sabiq hücumçusu Oleq Salenko Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, sabiq futbolçu “Ukrainskiy futbol”a açıqlamasında Kiyev təmsilçisinin bütün diqqətini Bakıdakı qarşılaşmaya yönəltdiyini bildirib.
“İndi artıq hamı “Qarabağ”la oyuna hazırlaşır, bunu etmək lazımdır. Səfərlər və yorğunluq öz təsirini göstərir”, - Salenko deyib.
O, Azərbaycan çempionunun gücünün müəyyən qədər şişirdildiyini də iddia edib:
“Qarabağ”ı çox tərifləyirdilər, amma ilk oyundan sonra gördük ki, komanda elə də güclü deyil. Bununla belə, onlar öz meydanlarında başqa cür oynayacaqlar. Buna görə “Dinamo”nun ehtiyat gücü olmalıdır”.
Salenkonun fikrincə, cavab görüşü “Dinamo”nun baş məşqçisi İqor Kostyuk üçün xüsusi əhəmiyyət daşıyır.
“Kostyuk üçün bu, həyat matçıdır? Bəli, elədir. Mütləq mərhələni keçmək lazımdır, çünki bundan sonra daha bir raund var. Şans mövcuddur. Əgər mübarizəni dayandırsalar, hər şey bitəcək”, - o vurğulayıb.
Sabiq hücumçu “Dinamo”nun müdafiədə etibarlı oynaması halında 0:0 hesabının Kiyev klubunu tam qane edəcəyini də bildirib. İlk görüşdə “Dinamo” “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Qarabağ” - “Dinamo” cavab qarşılaşması avqustun 13-də, saat 20:00-da Bakıda keçiriləcək. Cütün qalibi pley-off mərhələsində “Tvente” - DAK-1904 duelinin güclüsü ilə qarşılaşacaq.
