İspaniyanın “Barselona” futbol komandasının 19 yaşlı yarımmüdafiəçisi Mark Bernal qazandığı pulla valideynlərinin işləməsinə daha ehtiyac qalmadığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, gənc futbolçu bu barədə İspaniyanın “El Partidazo de COPE” proqramına müsahibəsində danışıb.
Bernal bildirib ki, 50 yaşlı anası informasiya texnologiyaları sahəsində çalışıb, 57 yaşlı atası isə bank əməkdaşı olub. Futbolçu peşəkar müqavilə imzaladıqdan sonra onların işdən ayrılmasına və daha rahat həyat sürməsinə şərait yaradıb.

“Düşünürəm ki, bu, ən gözəl hissdir. Mənim üçün ilk böyük nailiyyət valideynlərimə artıq işləməmək imkanı yaratmaqdır. Bir övlad kimi bu, təkrarolunmaz duyğudur”, - deyə Bernal bildirib.
İspaniyalı yarımmüdafiəçi valideynlərinin bu qərarı tədricən verdiklərini də açıqlayıb. Onun sözlərinə görə, 2024-cü ildə ciddi diz zədəsi almasına baxmayaraq, “Barselona” onunla müqaviləni yeniləyib. Bundan sonra valideynləri əvvəlcə iş yükünü azaldıb, daha sonra isə işləməyi dayandırıblar.

Bernalın “Barselona”dakı illik əsas əməkhaqqı vergilər çıxılmamış 1,25 milyon avro (2.5 milyon AZN) təşkil edir. Bu isə həftədə təxminən 24 min avro (47.5 min AZN) deməkdir. Onun transfer dəyəri 40 milyon avrodur (79 milyon AZN).

