Beynəlxalq Futbol Federasiyası (FIFA) Şurasının Bürosu Azərbaycanı FIFA U-15 2026 Dünya çempionatı və festivalının (U-15 World Cup & Festival 2026) ev sahibi elan edib.
İdman.Biz xəbər verir ki, futbol üzrə yeni yaradılan turnir 22-31 oktyabr 2026-cı il tarixlərində keçiriləcək.
Yarışda FIFA-ya üzv bütün milli assosiasiyaların 15 yaşadək oğlanlardan ibarət komandaları iştirak edəcəklər. 2027-ci ildə təşkil olunacaq turnir isə yalnız qızlardan ibarət yığmalar üçün nəzərdə tutulub. 2028-ci ildən etibarən həm oğlanlar, həm də qızlar arasında ayrıca yarışların keçirilməsi planlaşdırılır.
Qərar FIFA administrasiyasının apardığı qiymətləndirmənin nəticələrinə əsasən qəbul edilib. Qurum Azərbaycanın müasir idman infrastrukturu və çoxsaylı iştirakçıları qəbul etmək imkanlarını yüksək qiymətləndirib.
FIFA, həmçinin Azərbaycanın 2027-ci ildə U-20 futbol üzrə Dünya çempionatına da ev sahibliyi edəcəyini xatırladaraq, U-15 2026 Dünya çempionatı və festivalının ölkədə keçirilməsinin beynəlxalq futbol yarışlarının təşkili baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Bundan başqa, FIFA Şurasının Bürosu ASEAN Kubokunun əsasnaməsini təsdiqləyib və Nepal Futbol Assosiasiyasının fəaliyyətini üçüncü tərəfin müdaxiləsi ilə bağlı nizamnamə pozuntularına görə dayandırıb.
