“Pafos” futbol klubu Murad Məmmədovu təqdim etdi - VİDEO

23 İyun 2026 13:45
104
“Pafos” futbol klubu Murad Məmmədovu təqdim etdi - VİDEO

Kiprin “Pafos” futbol klubu Azərbaycanın U-21 millisinin üzvü Murad Məmmədovun təqdimatını edib.

İdman.Biz xəbər verir ki, Kipr təmsilçisi yeni transferinin komandaya qoşulması ilə bağlı görüntülər yayımlayıb.

Klub paylaşımında Məmmədovun ilk təəssüratlarına xüsusi diqqət çəkib. “Pafos” Muradın bazaya daxil olduğu andan qarşıdakı çağırışa hazır göründüyünü vurğulayıb.

Millimizin üzvü klubun mətbuat xidmətinə müsahibəsində sevimli futbolçusunun Lionel Messi olduğunu bildirib. O, argentinalı ulduzu “dünyanın kralı” adlandırıb. Məmmədov sevimli rənginin qara olduğunu, ən çox sevdiyi yeməyin isə milli mətbəxə aid qaralı plov olduğunu deyib.

Futbolçu karyerasının ən yaddaqalan anı kimi Azərbaycan çempionatında “Şamaxı”ya qarşı debüt oyununu xatırladıb. Onun sözlərinə görə, həmin matçda qol vurması karyerası üçün vacib məqam olub. Məmmədov məşq saatı ilə bağlı isə havanın isti olduğu vaxtlarda səhər, normal şəraitdə isə axşam məşqlərinə üstünlük verdiyini söyləyib.

Murad “Pafos”u seçməsinin səbəbini də açıqlayıb. O bildirib ki, ötən il bu komandanın oyunlarını izləyib və klubun çıxışını bəyənib. Məmmədov atasına bir gün bu komandada oynamağı arzuladığını dediyini, indi isə həmin istəyin gerçəkləşdiyini vurğulayıb.

Yeni klubunda 47 nömrəni seçən futbolçu bunun uşaqlıq illəri ilə bağlı olduğunu qeyd edib. Məmmədov futbol karyerasına müdafiəçi kimi başlayanda 4 nömrə ilə çıxış etdiyini, daha sonra cinah oyunçusu kimi 7 nömrəni götürdüyünü bildirib. O, əsas komandaya keçdikdən sonra bu iki rəqəmi birləşdirərək 47-ni seçdiyini deyib.

İdman.Biz